21 May 2024
Azərbaycanlı terrorçunun atası: “Kaş “alkaş” olaydı, amma dindar olmayaydı”

Azərbaycanlı terrorçunun atası: “Kaş “alkaş” olaydı, amma dindar olmayaydı”

19 Avqust 2021
Baxış: 711

Talibanın ali dini rəhbəri Hibətullah Möhləvinin babalarının 1917-ci ildə Salyanın Xalac kəndindən köçüb gedən azərbaycanlılar olduğuna dair iddialar yayılıb.

Bu məsələnin siyasi mənzərəsinə necə bir rəng qatacaq bilmirəm, amma fanatik dindarların beyinlərində müəyyən qarışıqlıq yarada bilər. Bunun qarşısını mütləq bəri başdan almaq lazımdır. “Niyə çay gəlməmiş çırmanırsan, nədən qorxursan?” şəklində verilən reaksiyaları da sanki duyuram. Lakin İŞİD gələndə Suriya çöllərinə axışıb özünü və ailəsini “cihad” uğruna qurban edən, sonradan min peşiman olan yüzlərlə insanlarımız olmadımı? Bu gün onlardan bir neçəsi barədə danışacağıq sizə…

***

Onun adı Ruslan idi. (Ad şərtidir) Məcburi köçkün ailəsində dünyaya göz açmışdı. Qəribə oğlan idi. Üzünə baxanda düşünürdün ki, dünya , aləm vecinə deyil, özünü inkişaf etdirməmiş yeniyetməydi hələ. Cəmi 17 yaşı var idi. O ərəfələrdə hansısa bir satanist qrupları axınına düşdü, imicini dəyişdi, qulağında sırğa, uzun qırmızılı-göylü saç düzümü, metal musiqi dinləmə həvəsi. Hiss olunurdu ki, bu sadəcə, kimlərinsə təsiri altına düşməkdir. Əsgərlik zamanı gəldi və atasına bildirdi ki, əsgər getməyəcək, dözə bilməz. Bir yolunu tapıb əsgərlikdən saxladılar.

Sonra nə oldusa, günlərin birində bu satansitlərə uymuş oğlan dönüb oldu dindar. Saçını-başını səliqəyə saldı, imici dəyişdi. Amma lap az keçmiş Ruslan dönüb oldu “əxi” və özünü də Abdullah adlandırmağa başladı. Uzun saqqal saxladı, şalvarı qısaltdı. Məhəllədəki tay-tuşlarına dindən “dərs verməyə” başladı. Bütün faciələr də bundan sonra başladı. Əvvəl-əvvəl əxi qardaşlarından evlərinə yardım məqsədli çantalar daşındı, sonra vətənində əsgərlik çəkməyi özünə dərd sanan “əxi Abdullah” bildirdi ki, Suriyada cihada qoşulmaq istəyir. Günlərin birində eyni küçədə yaşayan, ali məktəbdə oxuyan fikirdaşı ilə birlikdə qaçıb getdilər. Evlərindəkilərə bircə parça məktub qoymuşdular. “Biz cihada gedirik”. Öncə Türkiyəyə, ordan da Suriyaya gedəsiydilər. Getdilər. 2 ay sonra ali məktəbi yarımçıq qoyub gedən tələbə gəncin ölüm xəbəri gəldi, Abdullah isə hansı vasitələrləysə zəng edib bildirdi ki, məni burdan qurtarın, yoxsa mən də öləcəm. Heç deməyəsən, bellərinə partladıcı bağlayıb, kamikadze kimi göndərirlərmiş. Ondan öncə gedən bütün qruplardakı gənclərin ölüm səbəbi özünü partladaraq ölmələri və başqalarını öldürmələri olmuşdu. Abdullaha ölüm qorxusu güc gəlmişdi. Ailəsi rəsmi surətdə dövlətə müraciət etdi, bilirdilər ki, Abdullah geri gələcəksə, terrorçu kimi həbs olunacaq.

Amma ölümündənsə, həbsdə olmağına razı idilər. Abdullah olduğu düşərgədən aşıb sərhədi keçdi və keçən kimi də həbs edildi. 19 yaşında ikən 22 il müddətinə azadlıqdan məhrum edildi. O müddətdə valideyninin peşiman olaraq işlətdiyi bir sözü heç unutmayacam. “Kaş alkaş olaydı, amma dindar olmayaydı”.

İndi keçmiş Abdullah, indiki Ruslan hələ həbsdədir. Ömrünün ən gözəl illərini həbsxana divarları arasında keçirir. Amma fikirləri dəyişibmi? Yox. Çünki həbsdə olduğu müddətdə öz xalası qızını ona aldılar. Qız ərinin yolunu gözləyəcəyini deyib nikaha girdi. Qəribədir ki, nikahdan az sonra dönüb oldu hicablı, qapalı bir xanım. Hicaba qarşı deyiləm əsla. Amma onun örtünməyi adət etdiyimiz kimi deyildi, qapqara çadranın altından əlcək geyinir, üzünü niqabla örtməklə də yetinməyib, eyni əfqanıstanlı xanımlar kimi tor bir örpəklə də üstdən gözlərini örtür. Hətta qadınlara belə salam vermir. Deyir əri belə tapşırıb. Ruslan həbsxanada özü kimi fikirdaşlarının arasındadır. Radikal, fanatik dindaşlarının. Sizcə, düşüncələrini dəyişmək imkanı varmı?

***

İŞİD-in ikinci qurbanı gənc bir xanımdır. Gözəllik salonunda işləyir. Yox, o heç yerə getməyib. Toyundan 10 gün sonra əri deyib mən cihada gedirəm. Gediş, o gediş. Nə öldüsü var, nə qaldsısı. Səbihə 8 il qaynata, qaynana yanında yaşayıb, ərinin yolunu gözləyəndən sonra çıxıb gəlib atası evinə. Sevərək evlənmişdi, lakin indi yaşadığı tək duyğu əsəb və peşimanlıqdır. Əsəbi bu fikirləri cavanların beyninə dolduranlaradır, peşimanlığı itən illərinə, gəncliyinə, dağılan ailəsinə.

***

Növbəti qurban ərinə qoşulub gizli yollarla Suriyaya qaçan, orada əri döyüşdə ölən və özü də kölə kimi satılan, əldən-ələ düşən Nazandır. O Nazan ki, düz 3 il səhrada tozun-torpağın içində bilmədiyi, tanımadığı yad millətlərin içərisində yaşamayıb, “sürünüb”, yüzlərlə kişiyə təqdim edilib, başını necə bir daşa döydüyünü anlayınca təslim olanlar sırasında ölkəyə qayıdıb və indi həbs həyatı yaşayır. Ən pisi də budur ki, Ruslandan fərqli olaraq onu azadlıqda nə gözləyən var, nə istəyən. Ailəsi üz çevirib, yanına gedib-gələn yoxdur. Elə bircə onu bilirlər ki, Nazan 11 il sonra həbsdən çıxasıdır.Çıxmasını da arzu etmirlər, onun ölüm xəbərini eşitmək daha çox xoşlarına gələrdi, nəinki qaçıb “cihada” getdiyini, satıldığını, həbs olunduğunu eşitmək. Bax beləcə, məhv olmuş neçə ömürdən yalnız üçü barədə danışdıq. Hələ bu qurbanların ailələrinin çəkdikləri iztirablara toxunmadıq belə.

Din insana müdrik olmağı, sevməyi, dərk etməyi, özünü və yaradılış səbəbini, yaradanını tanımaq üçün təqdim edilmiş bir töhfədir, yoldur. Din insanı bu böyük kainatda tək qoymaq istəməyən yaradıcının göndərdiyi “çalışma klavuzu”, düzgün istifadə kitabçasıdır. Necə ki, yeni aldığımız hansısa texnoloji məhsulun içərsində onun işlədilməsinə, istehsalçısına dair bilgilər verilir, insana da bu bilgini dini kitablar, din verir. Din bir çoxlarının başqalarının təmiz duyğularını, düşüncələrini istismar edərək özünə qul etmək alətinə çevrilməməlidir. Cihad insanın öz nəfsiylə, öz tərbiyəsilə olur, gedib səhralarda qadınları köləyə çevirməklə yox. Din tutarlı əsas olmadan “öldür” əmrini verməməlidir. Allahı hər yerdə sevmək mümkündür. Onu sevməzdən, itaət etməzdən öncə dərk etmək lazımdır. Səndən nə istədiyini anlamaq lazımdır.(Bizimyol.info)