20 May 2024
Azərbaycanın qeyri-neft ixracı azalıb

Azərbaycanın qeyri-neft ixracı azalıb

08 Fevral 2024
Baxış: 459

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın fevral sayının ilkin rəqəmlərini açıqlayıb.

AJMEDİA.İNFO Mərkəzə istinadən məlumat verir ki, 2024-cü ilin yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 222 milyon ABŞ dolları təşkil edib.

Bu isə o deməkdir ki, yanvar ayında ölkənin ümumi ixracı 100 milyon dollar (ötən ilin yanvarında 1,9 milyard dollar olub), o cümlədən qeyri-neft ixracı 62,5 milyon dollar (284,5 milyon dollar) azalıb.

Mərkəz bildirir ki, 2024-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 70,4 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 151,6 milyon ABŞ dollarına bərabər olub. Bu göstəricilərdən aydın olur ki, yanvar ayında qeyri-yeyinti məhsullarının ixracında 68,6 milyon dollar (ötən ilin yanvarında 220,2 milyon dollar olub) azalma var.

2024-cü ilin ilk ayı ərzində bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9 faiz, meyvə-tərəvəz ixracı 21,2 faiz, alüminium və ondan hazırlanmış məmulatların ixracı isə 17,4 faiz artıb.

Cari ilin yanvar ayı ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5 faiz artaraq 74,1 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə 15,4 milyon ABŞ dolları olub. Musavat.com