18 May 2024
Azərbaycanda jurnalist təşkilatları polisdən özbaşınalığa son qoymağı TƏLƏB EDİR

Azərbaycanda jurnalist təşkilatları polisdən özbaşınalığa son qoymağı TƏLƏB EDİR

06 Oktyabr 2021
Baxış: 815

Jurnalistlərə fəaliyyətlərini yerinə yetirərkən əngəl törədilib.

AJMEDİA.İNFO xəbər verir ki, Anews.az-ın əməkdaşları Bakının "28 May" metro stansiyası ətrafındakı ərazidə paytaxt sakinləri arasında sorğu keçirərkən onların işi mülki geyimdə olan , amma özünü polis əməkdaşı kimi təqdim edən şəxs tərəfindən əngəllənib. Sənədini göstərməyən şəxs sorğu keçirtmək üçün öncədən Daxili İşlər Nazirliyindən (DİN) icazə almağın vacibliyini diqqətə çəkib. Məsələ ilə bağlı DİN mətbuat xidmətinə ünvanladığmız sorğuya cavab olaraq bildiriblər ki, sorğu ilə bağlı öncədən polisdən icazə alınmalı, siyasi mövzuda sorğuların keçirilməsi isə, ümumiyyətlə, yasaqdır.

Məsələni daha dəqiq araşdırmaq üçün sayt DİN mətbuat katibi Ehsan Zahidovla əlaqə saxlayıb.


"Sizin sorğu keçirtmək səlahiyyətiniz olmalıdır və hər yerindən duran əlinə bir mikrofon alıb insanlarla sorğu sual edə bilməz. Bütün hallarda sorğu keçirən jurnalist öz niyyətini bildirməlidir. Jurnalist mətbuat şurası və digər aidiyyatı qurumlara bu barədə müraciət etməlidir. Həmin qurumlar da DİN-ə mövzuyla bağlı məlumat verməlidir",- deyə Ehsan Zahidov bildirib.

Daha sonra sayt Mətbuat Şurasının rəhbəri Əflatun Amaşova müraciət edib:

"KİV haqqında qanunun" 8-ci maddəsinə əsasən Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz", deyə Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistin küçə sorğusu zamanı polis tərəfindən saxlanılaraq Daxili İşlər Nazirliyindən icazə almadığınız halda sorğu keçirə bilmərsiniz tələbinə münasibət bildirərkən deyib.

"Jurnalistin fəaliyyəti bəzi hallarda məhdudlaşdırıla bilər. Həmin məhdud səbəblər KİV haqqında qanunda öz əksini tapıb. Qalan bütün hallarda jurnalist azaddır. İstədiyi mövzunu, istədiyi formada hazırlayıb yaymaq haqqına malikdir. Əgər ortada hərbi vəziyyət varsa, çəkiliş və ya informasiya qapalı və dövlət sirrini pozursa, bu zaman jurnalistin fəaliyyətinə məhdudiyyət qoyula bilər. İnformasiya toplayarkən jurnalist hər hansı bir məmur, icra nümayəndəsi və ya DİN əməkdaşı tərəfindən qadağa ilə rastlaşırsa bu zaman həmin qurumun mətbuatla əlaqəli səlahiyyətli şəxsinə məlumat verməlidir. Jurnalistlər və polislər arasında maarifləndirmə işləri aparılmalıdır. Jurnalist bilməlidir ki, o hardasa sorğu keçirtmək üçün kimdənsə icazə almalı deyil və ya hər hansı qurum buna görə jurnalistə icazə verib-verməmək səlahiyyətinə malik deyil", - deyə Əflatun Amaşov qeyd edib.

Medianın İnkişaf Agentliyindən məsələ ilə bağlı bildirilib ki, qanunvericilikdə media nümayəndəsinin hər hansı reportaj və material hazırladığı vaxt hansısa qurumdan icazə alması nəzərdə tutulmayıb.

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, DİN əməkdaşı jurnalistin fəaliyyətinə mane olursa bu zaman o, öz səlahiyyətlərini pozur:

""KİV" haqqında qanunun 8-ci maddəsi jurnalistə icazə verir ki, o istəyi zaman istədiyi yerdə informasiya toplasın. Azərbaycanda dövlət senzurası qadağandır. Kimin deməsindən asılı olmayaraq qanunsuz yanaşmadır. İnzibati xətalar məcəlləsinin pozulmasını əsas gətirməklə həmin şəxs cərimə oluna bilər",- deyə hüquqşünas bildirdi.

"Yeni Nəsil" Jurnalist Birliyinin sədri Arif Əliyevin fikrincə isə, ölkə ərazisində sorğu keçirmək üçün kimdənsə icazə almaq kimi qayda və normativ yoxdur:

"DİN rəsmilərinin hansı ərazidə sorğu keçirilməsinə icazə verib-verməməsi qanuna ziddir. İnformasiya əldə etdiyi zaman jurnalistə qeyri-qanuni maneələr yaratdığı üçün jurnalist həm OMBUSDMAN aparatı, həm DİN-ə şikayət formasında müraciət edə bilər. Ən sonuncu vasitə kimi isə polisi məhkəməyə verə bilər", - deyə Arif Əliyev vurğulayıb.

Turan İnformasiya agentliyinin rəhbəri Mehman Əliyev də jurnalistin informasiya əldə etmək üçün heç kimdən icazə almalı olmadığını dedi:

"Qanunda bununla bağlı hər hansı məhduddiyyət yoxdur. əgər həmin ərazi dövlət sirrini pozacaq informasiyadırsa bu zaman məhdudiyyət ola bilər. Adi küçələrdə hətta DİN qarşısında şəkil video çəkmək qadağası yoxdur. Əgər DİN belə bir qadağa qoyursa bu zaman qarşı tərəfə rəsmi şəkildə sənəd təqdim etməlidir ki, bu qanun və qaydaya görə jurnalist informasiya və ya çəkiliş apara bilməz",- deyə Mehman Əliyev məlumat verdi.

Jurnalistlər arasında kiçik bir sorğu keçirtdik. Onlar da bildirdi ki, bəzi ərazilərdə, eləcə də şəhərin mərkəz hissələrində sorğu keçirtmək istədikləri zaman DİN-dən icazə alırlar və bunu bir qayda kimi qəbul ediblər.