17 May 2024
Azərbaycana dua, Ermənistana PUA göndərən- İRAN

Azərbaycana dua, Ermənistana PUA göndərən- İRAN

18 Aprel 2023
Baxış: 1504

Birinciİkinci Qarabağ müharibəsi Xomeyniçiliyin şiəliyə heç bir bağlılığının olmadığını, əksinə İranın siyasi maraqlarına xidmət edən “yeni din” olaraq meydana çıxdığını çılpaqlığı ilə ortaya qoydu.

Birinci Qarabağ müharibəsində “Azərbaycana saqqız, Ermənistana silah” göndərən İran İkinci Qarabağ müharibəsi və sonrasında siyasi xislətinə sadiq qalaraq, “Azərbaycana dua, Ermənistana PUA” göndərir. Məscidlərdə donuz saxlayan, müsəlmanlara qarşı soyqırımı həyata keçirən Ermənistanı açıq mətnlə dəstəkləyir, erməni maraqları naminə Azərbaycana - əhalisinin böyük hissəsi müsəlman olan bir ölkəyə müxtəlif yollarla hücuma keçir. Hətta öz “qırmızı xəttini də müəyyənləşdirir”.

Son zamanlar yaşanan hadisələr və tarixi faktlara nəzər yetirdikdə aydın olur ki, Xomeyniçilik nə Allaha, nə onun dini İslama, nə də İslamın şiə məzhəbinə ibadət yox, İrana biətdən, bu ölkənin imperiya maraqlarına xidmətdən ibarətdir. Bu məqamda Yaxın Şərq üzrə məşhur ekspert, İranşünas Əmir Taherinin “İran bidəti” adlı məqaləsi yada düşür. “İranda mövcud olan rejim şiəlikdən uzaq olan Xomeyniçilik ideologiyasına əsaslanır. Xomeyniçiliyin hədəfi ondan ibarətdir ki, şiələr parçalanmış olaraq qalmalıdır. Belə olanda onlar Tehrandan asılı olacaq.

Şiə məzhəbi və Xomeyniçilik: bu iki məfhum bir-birinə bağlı görünsə, bütün dünyaya bu formada təqdim edilsə də gerçək başqa, həm də dəhşətlidir.
- İran nə İslamın, nə də İslamın şiə məzhəbinin təməl prinsiplərinə uyğun olmayan yeni dini-siyasi cərəyan formlaşdırdı;

- Bəndə, Allah və onun müqəddəs kitabı Quranla eyni cərgəyə qaldırılaraq, ilahiləşdirildi;

- Şiəliyin siyasiləşdirildiyi yeni dini cərəyan – Xomeyniçilik Kərbəla müsibətini də, Əhli-Beyt eşqini də ürəklərdən ciblərə endirərək, siyasi, bir çox hallarda da biznes maraqlarının alətinə çevirdi;

Əlbəttə ki, bütün bu siyasətin təməlində İranın imperiya maraqları, regional və geosiyasi proseslərdə gücə çevrilmək hədəfləri dayanır. Bunu 1979-cu ildən sonra baş verənlərdə görmək mümkündür. “İslam İnqilabı” adı verilən hakimiyyət dəyişikliyi hadisələrinə qədər nəzəriyyə olaraq meydana çıxmış Xomeyniçiliyin 1979-cu ildə - hakimiyyətin ələ alınmasından sonra regionun böyük şiə kəsimi üzərində “hakim din” olaraq qəbul etdirilməsi cəhdləri bu gün də davam edir və burada hədəf bəllidir: regionun, mümkün olarsa, İslam dünyasının İranın imperiya çətiri altına toplanması.

“İslam İnqilab”ından sonra baş verənləri molla rejiminin siyasəti fonunda analiz etdikdə Xomeynçiliyin şiəlik olmadığı, şiə məzhəbinin təməllərini istismar edən və müsəlmanların yox, bir rejimin maraqlarına xidmət edən siyasi-dini cərəyan olduğu nəticəsi ortaya çıxır.

İranın dini müdaxiləsi ilə insanları “öz nağıllarına” inandıraraq, milli dövlətlərin suverenliyinə din üzərindən hücumlar etməsinin təməlində də “şiələrin müdafiəsi” yox, məhz Xomeynçilik dayanır.

İranda 1979-cu il “İslam inqilabı” zamanı Şahın əleyhinə çıxdığı üçün sürgündə olan Xomeyni Fransadan Tehrana qayıdır. Onun Avropa ölkəsindən İrana inqilab lideri olaraq dönüşü, və qərbə qarşı düşmən mövqe sərgiləməsi təbii ki, bir çox suallar yaradır. Dünyanın siyasi sistemində hansısa razılaşmalar olmadan, özü də Avropa ölkəsindən İrana lider olaraq dönüş mümkündümü? Əlbəttə ki, yox! Bu məqamda onun Vaşinqtonla məxfi yazışmaları xatırlatmasaq onların təbirincə desək günah olar. Konkret sənədlərə əsaslanan bu faktlar Xomeyninin hakimiyyətə gəlişində heç bir ilahi qüvvənin rol oynamadığını, əksinə, sonradan “Böyük şeytan” adlandıracağı Birləşmiş Ştatların əməyini aydın görə bilərik. Bütün tarixi faktlar sübut edir ki, Xomeyninin siyasi planlarda bir fiqur kimi missiyası həm kommunizmin yayılmasının qarşısını almaq, həm də İslam dünyasında parçalanmanı dərinləşdirmək olub.

Bu yaşananlar təkcə kütlənin eyforiyası yox, məqsədyönlü və şüurlu gediş idi. Heç bir şiə din alimi tərəfindən qəbul edilməyən “Vilayəti-Fəqih” nəzəriyyəsində Xomeyni iddia edirdi ki, 12-ci imam Mehdi qeybdə olduğu üçün o Həzrət Mehdinin naibidir və Mehdi zühur edənə qədər siyasi hakimiyyəti onun təmsilçisi olaraq idarə edəcəkdir.

Zərrəcən siyasi anlayışı olan şəxs Xomeyninin irəli sürdüyü bu nəzəriyyənin siyasi Olimpə yüksəlmək üçün ortaya atılmış ideya olduğunu anlar. Bu “nəzəriyyənin” isə psixoloji təsirlərə məruz qalanların hisləri üzərindən “mütləq hakimiyyətin” qurulması məqsədinə xidmət etdyi görünən kənd misalı cümlə cahana aydındır.

Vaxtilə ona müəllimlik etmiş Şəriətmədarinin İslam qaydalarına uyğun dəfninə də icazə verməyərək onun timsalında Güney Azərbaycanda 10 minlərlə soydaşımızı məhkəmə hökmü olmadan edam etdirib, 100 minlərlə insanı həbsxanalara atdırıb, sürgün edən də özünü Mehdi sayan Xomeynidən başqası deyildi. 1980-ci ildə SEPAH-ın Güney Azərbaycana tanklarla girişi və törətdikləri özünü “Mehdinin naibi” elan edən Xomeyninin siyasi hakimiyyət uğrunda nələr edə biləcəyini göstərdi. Cənubi Azərbaycanda törədilənlər həm sol hərəkatının məhv edilməsi, həm də dinin dövlətdən ayrı tutulması ideyasını dəstəkləyən, Xomeyninin “siyasi şiəlik” planlarına mane olanların “dəfn edilməsi” idi.

İranın regionda siyasi hədəfləri uğrunda əsas ideologiyaya çevirdiyi Xomeyniçilik 100 mindən çox şiəni qətl edən “ölüm maşını” ilə sərhədləri də aşdı.


- Xomeyninin siyasi hakimiyyətini regionda qəbul etdirmək məqsədinə xidmət edən 8 illik İran-İraq müharibəsi 1 milyondan çox şiənin ölümünə səbəb oldu.

- 1980-ci ildə Xomeyniçilik ideologiyası Livana ayaq açdı, onun davamçıları şiələrin birliyi olan “Amal”a qarşı çıxmağa başladılar. Həmin dövrdə İran istəyinə tam nail ola bilmədiyi üçün 1985-ci ildə “Hizbullah”ı yaratdı və beləliklə Livandakı şiələr parçalandı. Bu parçalanma günümüzdə də davam edir.
- İran Əfqanıstanda şiə birliyinin dağılmasında da birbaşa rol oynayıb. Xomeyni hakimiyyətə gələndən sonra Əfqanıstanda ideologiyasını qəbul etməyən “xəzər şiə”lərinə
- qızılbaşlara qarşı solçu “Maoist” qrupunu dəstəklədi. Əfqanıstanda mövcud olan “Liva Fatimiyun” qrupuna dəstək verməklə, “xəzər şiələri”nin fiziki təqibi həyata keçirdi.

İran Xomeyniçiliyin “hakim din” olması üçün bu gün də Suriya, Yəmən və Bəhreyndə şiələri parçalamaq, vətəndaş müharibəsi yaratmaq ssenarilərini həyata keçirmək üçün milyard dollarlar xərcləyir.

Bütün bunların fonunda İranla münasibətlərimizin pozulmasından bəhs edən onlarla xəbərlər də tirajlanır qonşumuzun media qurumlarından. Həqiqət isə bütün dünya ictimaiyyətinə bəllidir. Hər kəs bilir ki, bu münasibəti Azərbaycan yox, başından bəri İran özü pozur. İstər 44 günlük Vətən müharibəsində istərsə də hazırki dövrdə İran Ermənistana dəstək verməklə qurulmuş bütün münasibətlərin üstündən xətt çəkir. Bu baxımdan həmin şəxslər yaxud media orqanları təqsirkar axtarmaqdansa öz ölkələrinin siyasətinə nəzər salsalar yaxşı olar. Onda günahkarı rahat tapacaqlar.

Elsevər Məmmədov

araşdırmaçı jurnalist

Teqlər: