14 May 2024
Azərbaycan nümayəndə heyəti Qış Olimpiadası üçün Pekinə yollandı - FOTO

Azərbaycan nümayəndə heyəti Qış Olimpiadası üçün Pekinə yollandı - FOTO

02 Fevral 2022
Baxış: 443

Azərbaycan nümayəndə heyətinin bir qismi “Pekin-2022” Qış Olimpiya Oyunlarında idmançıların iştirakına hazırlıq işlərini təşkil etmək üçün Çinin paytaxtına yola düşüb.

AJMEDİA.İNFO xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) verilən məlumata görə, Qış Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırovun rəhbərliyi ilə MOK Marketinq İdarəsinin müdiri Mehman Kərimov, “Olimpiya Dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, MOK-un Beynəlxalq proqramlar üzrə katibi Ceyhun Rəhmanov ilk olaraq Pekinə yollanıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, gənclər və idman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev Pekinə Azərbaycan idmançılarının yarış təqviminə əsasən gedəcək.

Azərbaycan Olimpiya komandasının bayraqdarı Vladimir Litvinsev fevralın 8-i və 10-u yarışacaq. Fevralın 12-də isə Yekaterina Ryabova Pekinə yola düşəcək. Ryabovanın yarışı 15 və 17 fevral tarixində baş tutacaq. Hər iki idmançımız və məşqçilər Aleksey Çetvertuxin, Aleksey Ryabov Pekinə Rusiyanın paytaxtı Moskvadan yola düşəcək.

Azərbaycan Olimpiya komandası yarışda iki idmançı ilə təmsil olunacaq. Hər iki idmançımız fiqurlu konkisürmədə mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaq.

Qeyd edək ki, Pekin Olimpiadası bu gün körlinq yarışları ilə start götürüb. Qış Olimpiadası 20 fevralda başa çatacaq.