06 May 2024
Avstriyanın orta məktəblərində tədris qismən bərpa olunub

Avstriyanın orta məktəblərində tədris qismən bərpa olunub

04 May 2020
Baxış: 480

Mayın 4-dən etibarən Avstriyanın orta təhsil müəssisələrində tədris prosesi qismən bərpa olunub.

AZƏRTAC xəbər verir ki, ilkin mərhələdə yalnız buraxılış siniflərində təhsil alan şagirdlər məktəbdə dərsə başlayıblar. Ölkə üzrə təxminən yüz min şagirdi əhatə edən bu kontingent üçün məktəblərdə xüsusi gigiyena qaydaları tətbiq olunur. Dərsdə şagirdlərin mümkün qədər məsafəli oturması üçün idman və tədbir zalları da sinif otaqlarına çevrilib. Üçhəftəlik dərs və hazırlıq prosesindən sonra mayın 25-dən etibarən buraxılış imtahanlarına start veriləcək.

Digər siniflərin şagirdləri üçün dərslər mayın 18-dən bərpa olunacaq. Orta ixtisas və peşə məktəblərində təhsil alan şagirdlər isə iyunun əvvəlində məktəblərə geri dönə biləcəklər. Şagirdlər dərslərdə qruplar halında və həftənin müxtəlif günlərinə bölünməklə növbəli şəkildə iştirak edəcəklər.

Avstriya Federal Təhsil Nazirliyindən verilən məlumata əsasən, müəllimlərin dörddəbiri yaş və ya xroniki xəstəliklərlə əlaqədar risk qrupuna daxildir və onların tədris prosesində əvəzlənməsi də həyata keçirilir.

Yay tətilinin bir neçə həftəsinin ləğv edilərək cari tədris ilinin uzadılması barədə fikirlərə isə nazirlik tərəfindən mənfi cavab verilib. Qeyd edilib ki, iyulun 3-dək bütün məktəblərdə tədris ilinə yekun vurulacaq və tədris ili nəzərdə tutulduğu qaydada başa çatacaq.