06 May 2024
Avstraliyada koronavirusa yoluxmada rekord qeydə alındı

Avstraliyada koronavirusa yoluxmada rekord qeydə alındı

31 Avqust 2021
Baxış: 546

Avstraliyada son bir gündə koronavirusa yoluxanların sayı 1 375 nəfər artıb, 4 nəfər ölüb.

Ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumatlara görə, son 24 saat ərzində həkimlər pandemiya dövründə ölkədə yoluxmuş insanların sayında ən yüksək artımı qeyd ediblər.

Ən çox yoluxma sayı - 1 290 nəfər - Avstraliyanın ən sıx əhalisi olan Yeni Cənubi Uels ştatında olub.

Bu il iyunun 16-da qitədə qeydə alınan pandemiyanın ikinci dalğası zamanı yoluxanların ümumi sayı 18 227-ə qalxıb, bu dövrdə 103 yoluxmuş ölüb.

Ən əlverişsiz epidemioloji vəziyyət inzibati mərkəzi ölkənin ən böyük şəhəri Sidney olan Yeni Cənubi Uels ştatındadır. Orada, iyunun 16-dan etibarən həm şəhərin özündə, həm də ətraflarında yoluxmuş insanların sayında kəskin artım qeydə alınıb. Hazırda bütün infeksiyaların təxminən 90%-i bu ərazinin payına düşür (17 077 nəfər). Ştatda karantin elan edilib, əksər müəssisə və idarələr bağlanıb, bütün təhsil müəssisələri onlayn rejimdə işləyir, sakinlərə üzürlü səbəb olmadan evlərindən çıxmamaları tapşırılır.

Sidneydə komendant saatı, ciddi sanitariya məhdudiyyətləri və maska ​​rejimi var.

Avstraliyanın ikinci böyük şəhəri Melburnda da karantin elan edilib. Burada avqustun əvvəlindən etibarən, Sidneydəki qədər əhəmiyyətli olmasa da, koronavirusa yoluxmuş insanların sayında sabit artım qeydə alınıb. Son dörd həftə ərzində şəhərdə 790 yeni infeksiya hadisəsi qeydə alınıb, onların 30% -dən çoxu (294 nəfər) 19 yaşına qədər uşaqlar və yeniyetmələrdir. (TASS)