06 May 2024
Avstraliya qəzeti erməni terror təşkilatı tərəfindən 40 il əvvəl törədilən qətllə bağlı məqalə yayıb

Avstraliya qəzeti erməni terror təşkilatı tərəfindən 40 il əvvəl törədilən qətllə bağlı məqalə yayıb

13 Avqust 2020
Baxış: 1568

Avstraliyanın nüfuzlu “The Sydney Morning Herald” qəzeti erməni terror təşkilatı tərəfindən 40 il əvvəl törədilən qətlin istintaqı ilə bağlı məqalə yayıb.

AJM xəbər verir ki, “Hesablanmış terror aktı: Polis dalğıclar 40 il əvvəl törədilən qətlin sirrinin açarını tapıblar” sərlövhəli məqalədə 1980-ci il dekabrın 17-də Sidneyin şərqində Türkiyənin baş konsulu Sarik Arayaka və mühafizəçisi Engin Severe qarşı törədilən terror aktının istintaqı barədə ətraflı məlumat əksini tapıb.

Yazıda bildirilir ki, hazırda polis Sidney limanının dibindən çıxarılan və 1980-ci ildə törədilmiş terror aktı ilə bağlı çoxsaylı əşyaların məhkəmə-tibbi ekspertizasını aparır.

Məqalədə bu terror aktı barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, həmin vaxt “Erməni soyqırımına ədalət komandosları” bu qətli öz üzərinə götürüb. Buna baxmayaraq, hadisə ilə əlaqədar heç kim həbs edilməyib.

Yazıda həmin terror aktının Avstraliyada törədilən ilk beynəlxalq səviyyəli siyasi motivli hücum olduğu qeyd edilir. Polisin bu qətli “planlaşdırılmış, qəsdən və xüsusi qəddarlıqla” törədilən terror aktı kimi xarakterizə etdiyi xüsusi vurğulanır. Diqqətə çatdırılır ki, Sidney polisi ictimaiyyətin müraciətini nəzərə alaraq həmin istintaqı 40 il sonra bərpa etmək qərarına gəlib. Yeni Cənubi Uels ştatının müştərək terrorla mübarizə komandanlığının rəhbəri, komissar Mark Uolton bildirib ki, limanın dibindən çıxarılan bütün əşyalar ciddi şəkildə məhkəmə-tibb ekspertizasından keçiriləcək.

Bildirilir ki, bununla yanaşı, Yeni Cənubi Uels ştatının müştərək terrorla mübarizə komandanlığı ölkə ictimaiyyətinə müraciət edərək istintaqın gedişinə yardım göstərməyi xahiş edib. Bundan əlavə, istintaq qrupu Avstraliya tarixinin ən qəddar terror aktına görə veriləcək informasiya ilə əlaqədar ayrılan mükafatın məbləğini də 1 milyon dollara qaldırıb.

Qeyd edək ki, “Erməni soyqırımına ədalət komandosları” türklərə qarşı kampaniya aparan terror təşkilat kimi tanınıb və onun törətdiyi ilk terror aktı 1976-cı ildə Parisdə qeydə alınıb.

Teqlər: Avstraliya