19 May 2024
ASAP tərəfindən xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

ASAP tərəfindən xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

11 Noyabr 2022
Baxış: 353

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən Macarıstan, Almaniya, Türkiyə, Polşa, Çexiya və Birləşmiş Krallıqda Azərbaycanın Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

ASAP-dan AJMEDİA.İNFO-a bildiriblər ki, tədbirlərdə xarici ali təhsil müəssisələrinin azərbaycanlı və əcnəbi tələbə və məzunları iştirak edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti ilə qazanılan Zəfərin ildönümü münasibətilə həmrəylik, fəal təmsilçilik şüarları altında müxtəlif fəaliyyətlərdə bir araya gəlib.

Macarıstanın paytaxtı Budapeştdə ASAP, Azərbaycan Macarıstan Məzunlar Birliyi (AHAU) və “Azərbaycan Diaspor Gəncləri” platformasının birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfər Hiking yürüşü” keçirilib. Yürüşdə Budapeştdə yaşayan azərbaycanlı gənclərlə yanaşı, xarici ölkələrin tələbə və məzunları da iştirak edərək Macarıstanın qədim şəhərlərindən biri və eləcə də Şuşanın əkiz şəhəri adlandırılan Gyöngösi şəhərində müəyyən olunmuş marşrutla Kekestoto zirvəsinə qalxıblar. Gyöngösi və Şuşa şəhərləri müvafiq olaraq Macarıstanın və Qarabağ silsiləsinin ən yüksək zirvələrinin yerləşdiyi ərazilərdir və “Zəfər Hiking yürüşü” məhz bu marşrut üzrə hərəkəti təşkil edib. Yürüş zamanı xarici ölkələrin gənclərinə ölkəmizin tarixi, mədəniyyəti, İkinci Qarabağ müharibəsinin həqiqətləri və Zəfər Günü ilə bağlı məlumat verilib, bukletlər paylanılıb. “Zəfər Hiking yürüşü” fləş-mobuna Çexiya, Polşa, Almaniya, Birləşmiş Krallıq və Türkiyədə yaşayan həmvətənlərimiz də qoşularaq, öz yaşadıqları ölkələrdə Zəfər Gününə həsr edilmiş hiking yürüşü keçiriblər.

Polşanın paytaxtı Varşavada ASAP Polşa nümayəndəliyinin Zəfər Gününə həsr edilmiş tədbirində öncə “hiking” yürüşü təşkil olunub, daha sonra Polşada yaşayan azərbaycanlı gənclər şəbəkələşmə tədbirində bir araya gələrək, Zəfərdən sonra Qarabağda yenidənqurma prosesinə gənclərin cəlb edilməsi və onların xarici ölkələrdə qazandıqları təcrübənin tətbiqi ilə bağlı müzakirələr aparıblar.

Almaniyada yaşayan azərbaycanlı gənclərimiz Kölndə yerləşən Azərbaycan Mədəniyyət Evində bir araya gələrək Zəfər Gününü qeyd ediblər. Tədbirdə 44 gün davam edən haqq savaşında xalq-ordu-dövlət birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs olunub.

Tədbirin bədii hissəsində milli musiqilərimiz səsləndirilib və tədbir iştirakçılarına milli atributlarımız nümayiş etdirilib.