18 May 2024
"Araz və Zərdüşt Əlizadə qardaşları erməniləri özlərinə kirvə tutanlardır" - Nemət Pənahlıdan SƏRT AÇIQLAMA

"Araz və Zərdüşt Əlizadə qardaşları erməniləri özlərinə kirvə tutanlardır" - Nemət Pənahlıdan SƏRT AÇIQLAMA

21 Aprel 2022
Baxış: 864

Milli Azadlıq Hərəkatının liderlərindən olan Nemət Pənahlı Gündəm.az saytının suallarını cavablandırıb.

AJMEDİA.İNFO həmin müsahibəni təqdim edirik.

- Nemət bəy, uzun müddətdir mətbuatda görünmürsünüz. Nə işlə məşğulsunuz?

- Mətbuatda az-az görünsəm yaxşıdır (gülür). İşləmirəm. Mənə görə iş yoxdur. Əsasən evdə oluram. Ölkədə və dünyada gedən prosesləri izləyirəm. İndi maşallah, saytlar, televiziyalar ekesperlərlə doludur. Bir adamı gün ərzində 3-4 televiziya verilişinə çağırırlar. Azərbaycanın azadlığının, müstəqilliyinin əleyhinə çıxmış, yaxud bu istiqamətdə heç bir iş görməmiş adamlar vətənpərvərlikdən ağızdolusu danışırlar.

- Oruc tutursunuz?

- Xeyr. Şəkər xəstəsi olduğum üçün mənə oruc tutmaq olmaz.

- Bu gün Azərbaycanda iki əsas siyasi mövzu müzakirə olunur. Ukrayna və Qarabağ. Qarabağ erməniləri məsələsi sizin üçün həssas mövzudur. Çünki siz hər zaman ermənilərə münasibətdə barışmaz mövqeyinizlə fərqlənmisiz. Həmin mövqedə qalırsınız?

- Ermənilər xəstə millətdir. Onlar Qarabağda yaşamaq üçün Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. İstər Azərbaycan vətəndaşı olsun, istər olmasın. Erməniyə etibar yoxdur. Onlar zəhərli əqrəbdirlər. Fürsət düşən kimi səni sancacaqlar. Dünyada onlardan satqın, rəzil millət yoxdur. Görəndə ki, qarşılarındakı türk güclüdür, ona yaltaqlanırlar. Azca ayağın büdrəyən kimi qılıncla boynunun ardından elə vururlar ki… 1915-ci ildə Osmanlı türklərinə xəyanət etdilər. 1905, 1918, 1988, 1992-ci illərdə Azərbaycana qarşı bağışlanılmaz xəyanət ediblər. Əgər ermənilər Qarabağda yaşamlarını davam etsələr, yenə fürsət düşən kimi silaha sarılıb bizi vuracaqlar.

- Amma politoloq Zərdüşt Əlizadə fərqli fikirdədir. O, ermənilərlə münasibətlərin normallaşmasını vacib sayır…

- Əlizadə qardaşları ermənipərəstdirlər və türklərə nifrət edirlər. Belələri erməniləri özlərinə kirvə tutan adamlardır. Onların damarında türk qanı axmır.

- Onlar hesab edirlər ki, 1988-ci ildə erməniləri düşmənçiliyə sövq edənlər Nemət Pənahlı kimi admlar olub. Yəni siz aranı qızışdırmısınız, etnik münaqişəyə səbəb olacaq addımlar atmısız.

- Ağızlarına gələni danışırlar, 1905, 1918-ci ildə də Nemət Pənahlı var idi? Şərəfini, vicdanını, milli kimliyini itirən adamlar tarixi də unudurlar. Mənim nənəm 118 yaşında rəhmətə getdi. O, 1905, 1918-ci il qırğınlarını görmüşdü və bu haqda mənə danışmışdı. Deyirdi ki, ermənilər süfrəmizin artığı ilə böyüyüblər. Amma fürsət düşən kimi kəndlərimizi yerlə bir etdilər. 1988-ci ildə Səttarxan adına zavodda 700-dən artıq erməni işləyirdi. Onlardan bircə nəfəri də erməni təxribatına etiraz etmədi, fikir bildirmədi. Bakıda nə qədər erməni vardı? Hansı çıxıb ermənilərin Qarabağdakı vəhşiliklərinə etiraz etdi? Əlizadə qardaşları kimi türk düşmənləri xalqın milli yaddaşını silməklə məşğuldur. Onlar indi erməni-azərbaycanlı dostluğundan danışırlar. 70 il sovet dövründə erməni-azərbaycanlı dostluğu haqqında xeyli şeirlər yazıldı. Vaxtilə, belə bir mahnı vardı. "Əzəldən qardaşdır ellərimiz... Kür-Araz-Ararat, Gözəldir bu həyat, Qardaş olub Hayastan-Azərbaycan". Mən Zərdüşt Əlizadə və digər erməni xiffəti çəkənlərdən soruşuram: Niyə sovet dövründə erməniləin şəninə dediyimiz o tostlar, şeirlər, mahnılar nəticə vermədi? Kim hesab edirsə ki xoş sözlər söyləməklə ermənilər türk düşmənçiliyi xislətindən əl çəkəcək, onlar ciddi şəkildə yanılırlar. Konfutsi deyirdi ki, tarixdən ibrət dərsi götürməyən xalq məhvə məhkumdur.

- Dünyada müharibədən sonra dostluq edən o qədər ölkələr var ki…

- Bəli, dünya tarixi əsasən müharibələrdən ibarətdir. Amma müharibələr ordular arasında olur. Xocalıda qadının, qoca kişinin, uşağın nə günahları vardı? Şəxsən mən erməni qadınını, uşağını öldürə bilmərəm. Amma ermənilər o qədər barbardır ki, bunu edə bilirlər. Ermənilər bizimlə müharibə etməyib. Onlar dinc adamları öldürüblər, işgəncə veriblər. Biz ermənilərin Kəlbəcəri boşaldanda evləri necə yandırdıqlarının, ağacları necə qırdıqlarının şahidi olmusuz. Məgər müharibədə ağacları qırırlar? Deməli, erməni toplumu həqiqətən də islaholunmaz xəstədir.

- 1988-ci ildə ermənilərin Sumqayıt və Bakıdan çıxarılmasında sizin rolunuz olubmu?

- Mən Sumqayıt hadisələrində iştirak etməmişəm. Sumqayıt hadisələrini KQB ermənilərin əlilə törədib. Bu, sübut olunub. Amma bəli, Bakıda ermənilərin köçürülməsində mən iştirak etmişəm. Gördük ki, KQB Bakıda da Sumqayıt hadisələrini təkrarlamaq istəyir, buna imkan vermədik. 13 yanvar 1990-cı ildə erməniləri vaqonlara, təyyarəyə yığıb Ermənistana yola saldıq.

- Amma Milli Azadlıq hərəkatının liderlərindən olan Ənvər Əliyev müsahibəsində bildirib ki, Bakıdan yüz mindən çox erməninin buranı tərk etməsinin əsas səbəbkarı o olub. Qeyd edib ki, Nemət Pənahlı və digərləri meydanda siqaret çəkərək günlərini keçiriblər.

- Ənvər Əliyevin dediklərinə cavab vermək istəmirəm. Deyir də.. Allah canını sağ eləsin.

- Sizin məşhur sözünüz hələ də dillər əzbəridir. “Oturmayan ermənidir”! Bu gün də həmin “söyüşdən” istifadə edirsiniz?

- 18 gün gecə-gündüz meydanda çıxış etmişəm. 600-700 səhifəlik çıxışım var. Bu xalq onların heç birini yadda saxlamayıb. Amma demədiyim bir ifadə dillər əzbəri olub. Sizin sayt vasitəsilə bəyan edirəm. “Oturmayan ermənidir” ifadəsi mənə məxsus deyil. Mitinq iştirakçılarının səsləndirdiyi bir şüar idi.

Dünya tarixində bizim milli azadlıq hərəkatı qədər möhtəşəm hərəkat olmayıb. 138 nəfər qurbanla Azərbaycanda SSRİ-ni qüquta uğratdıq. Baxın Ukraynaya. Orada da aranı Nemət Pənahlı qarışdırdı? Rusiya Ukraynada 10 minlərlə insanı qətlə yetirib, şəhərləri yerlə bir edib. Araz Əlizadə kimi milli satqınlar utanmadan deyirlər ki, Rusiya Ukraynanı faşistlərdən təmizləyir. Təəssüf ki, rus faşizmini dəstəkləyən bu cür anti-milli ünsürlər cəzalandırılmır.

- Azərbaycanda Rusiyanın Ukraynaya qarşı müharibəsinə digər tanınmış siyasilər də haqq qazandırıb. Sizcə, bu cür adamlar məsuliyyətə cəlb edilməlidirmi?

- Bu gün Rusiyanın Ukraynaya elan etdiyi müharibəyə, orada dinc insanların qətl edilməsinə haqq qazandıranlar vətən xaini kimi məsuliyyətə cəlb edilməlidirlər. Başqa ölkələrdə vətən xainlərini güllələyirlər. Təəssüf ki, bizdə milli azadlıq hərəkatının iştirakçıları məsuliyyətə cəlb edilir, amma işğalçını dəstəkləyənlər, müstəqilliyin əleyhinə səs verənlər mükafatlandırılır. Azərbaycanda SSRİ-yə qarşı qətiyyətlə mübarizə aparmış Nemət Pənahlını 30 ildir ki, ittiham edirlər.