20 May 2024
ABŞ nəyə görə Zelenskinin ölümünü gözə alıb? - MARAQLI FAKTLAR

ABŞ nəyə görə Zelenskinin ölümünü gözə alıb? - MARAQLI FAKTLAR

09 Mart 2022
Baxış: 381

Böyük Hüseyn Cavid deyirdi ki, “İblis nədir? – Cümlə xəyanətlərə bais… Ya hər kəsə xain olan insan nədir? – İblis…”

Bu gün dünyamız iblislərin əlində qalıb. Bu iblislər üzündən dövlətlər dağılır, insanlar ölür. Öz maraqları üzündən ən yaxın dostuna belə xəyanət edən bu iblislər sonra da meydana düşüb haqdan, ədalətdən danışırlar, özlərini sülhün və insanlığın müdafiəçisi kimi göstərirlər.

Bu məsələnin ən pis tərəfi də odur ki, heç kim durub həqiqəti bu iblislərin üzünə demir, əksinə onların yanında dayanırlar. Necə ki, bu iblislər üzündən Ukrayna kimi böyük bir dövlət məhv olur, 40 milyon insan taleyin ümidinə buraxılıb. Hər gün bu ölkədə onlarla insan həyatını, minlərlə insan isti ocağını itirir.

Nəyə görə?

Cavab məlumdur: İki iblisin maraqları, iddiaları üzündən. Bu dəhşətli faciədə heç kim Ukrayna xalqının yanında deyil. Dünyanın yarısı ABŞ-ın yanında dayanıb. Bir qisim ölkələr isə Rusiyanı müdafiə edir. Bəzi ölkələr isə başını aşağı salıb alverini edir. İnsanlıqsa ölür…

Məsələnin ağrılı tərəflərindən biri də odur ki, ABŞ kimi iblisin yanında dayananlar özlərini haqqın, ədalətin və hətta Ukrayna xalqınının yanında durmuş kimi göstərirlər. Əslində isə “şeytanın qıl verənləri” iblislərdən daha qorxuludur. İblisin məqsədi ən azından bəllidir. Lakin iblisin oduna ağac atanların çoxu nə istədiklərini heç özləri də bilmir.

Məsələn, Avropa dövlətləri nəyə görə Rusiyanı lənətlədiklərini, ABŞ-ı nəyə görə müdafiə etdiklərini heç özləri də bilmir. Axı bu həmin Avropadır ki, ABŞ-a qarşı birləşərək 25 il bundan qabaq toplaşıb Avropa İttifaqı adlı bir institut yaratdılar.

Əməldə ABŞ-ı düşmən gözündə görən Aİ bəs niyə sözdə Vaşinqtonun yanında durur?

Rusiya faktiki olaraq Aİ-nin həyat mənbəyidir. Rus qazı və nefti olması bir gecədə bütün Avropa donar. Aİ-nin ABŞ-dan elə bir asılılığı yoxdur. Sadəcə ticari əlaqələri var.

Bəs elə isə Avropa dövlətləri nəyə görə Rusiyanın deyil, ABŞ-ın yanında durublar?

Səbəb bəllidir: ”Yetimdən soruşublar ki, “kimə qənim olarsan?” Yetim cavab verib ki, “mənə çörək verənə”.

Mən demirəm ki, Aİ Rusiyanın yanında dursun. Mən deyirəm ki, Aİ həqiqətin və haqqın yanında dayansın. Ən azı ona görə ki, hər zaman dünyaya haqdan, ədalətdən dərs keçirlər.
O ki qaldı hazırda dağılıb, məhv edilən Ukraynaya, o nə iblis Baydenin, nə də ki, iblis Putinin vecinə deyil. Ukrayna xalqı bu iki iblisin maraqlarının qurbanlıq quzusudur. Qurdlar süfrəsinə atılan bu quzunu isə hər iki iblis iştahla parçalayıb, yeyir.

Amma istər Avropa, istərsə də Ukrayna siyasətçiləri bir şeyi də unudurlar ki, “ingilislərin daimi dosları yox, daimi maraqları var”. Bu gün Ukrayna bir ingilis dövləti olan ABŞ-ın maraqlarının girovuna və qurbanına çevrilib. Ağ Ev Rusiyanı bataqlığa çəkmək üçün son ukraynalını da qurban verməyə hazırdır. Bunu heç gizlətmirlər də. Bu günlərdə ABŞ Dövlət katibi Entoni Blinken bəyan edib ki, Zelenskinin öldürüləcəyi təqdirdə “hakimiyyətin fasiləsizliyini” təmin edəcək “B” plan var. O, martın 6- da CBS News telekanalının “Face the Nation” proqramında bunu açıq şəkildə etiraf edib. Teleaparıcının “Rusiya hərbçiləri tərəfindən Zelenski öldürülərsə, Ukrayna ilə nə baş verəcək?” sualına Blinken belə cavab verib: “Ukraynalıların öz planları var, mən bu barədə danışmayacağam və təfərrüatlara varmayacağam. Prezidentin öldürüləcəyi təqdirdə hakimiyyətin fasiləsizliyinin təmin edilməsi planı var. Detallarını açıqlamaq istəməzdim”.

Bax, bu da sənə ABŞ həqiqəti. Vaşinqton bu münaqişədə nəinki milyonlarla ukraynalının ölümünü, hətta onların hazırkı lideri və ABŞ-ın “tərifli dostu” olan Volodimir Zelenskinin fiziki məhvini belə gözə alıb. Hamı və hər kəs ölə bilər, ölməyən tək şey ABŞ-ın mənfur maraqlarıdır.

Bəs hamının və hər kəsin bildiyi həqiqəti Zelenski niyə görmür?

Yəqin ki, görür. Görürsə, niyə durmur? Bax burada tarix yada düşür. Bir zamanlar Mixail Qorbaçov da Qərbin və həyat yoldaşı Raisanın hər dediyini etdi. Sonda qazandığı bir qisim dünya malı, bir də Nobel sülh mükafatı oldu. İtirdiyi isə böyük Vətəni və Dövləti oldu. Artıq Zelenskiyə də mükafatlar gəlməkdə davam edir. Yaxın vaxtlarda ona da Nobel sülh mükafatının veriləcəyi isə dəqiqdir… Deməli, “torbada pişik var”… (Konkret.az)

AJMEDİA.İNFO