20 May 2024
82 yaşında şpaqat açır: İsraildə yoqa üzrə ən yaşlı məşqçi qadın öz sirlərini bölüşüb...

82 yaşında şpaqat açır: İsraildə yoqa üzrə ən yaşlı məşqçi qadın öz sirlərini bölüşüb...

30 Mart 2022
Baxış: 440

"Bır mənə baxın: yaxşı qamətim var, asanlıqla hərəkət edirəm, yaddaşım da əladır"

"Yoqa insanı optimal ruhi vəziyyətə gətirir, onun şəxsiyyətini dəyişir, dünyaya başqa bucaq altında baxmağa sövq edir"

Lili Froyd bu yaşında məşq edir, başqalarını öyrədir və bir dəqiqə belə öz sevimli yoqa məşğuliyyətindən əl çəkmir.

82 yaşlı Lili Froyd elə fəal həyat tərzi keçirir ki, ona hətta 20 yaşında olanlar qibtə edə bilərdi. O, İsraildə ən yaşlı yoqa müəlliməsi hesab edilir.

Çoxlarınızın şpaqat açmağa imkanı varmı?

Lili Froyd bu hərəkəti hər gün edir.

Moderator.az xəbər verir ki, qadının qəribə həyatı barədə "Ynet" saytı danışıb.

Xolokost faciəsini yaşamış Lili Froyd uşaq vaxtı İsrailə köçüb və Beyt- Şeanda böyüyüb. O, öz uşaqlıq illərini həssaslıqla xatırlayır.

Lili artıq 62 ildir ki, xoşbəxt nikahdadır, onun 10 nəvəsi var. O, Raanada, yaşlı adamlar üçün nəzərdə tutulan "Palas" sosial mənzilində yaşayır.

Yoqa ilə nisbətən gec yaşlarında məşğul olmağa başlayıb, buna qədər onun peşəkar maraqları insanlara yardım etməklə əlaqədar olub.

"Mən həmişə gimnastikanı tədris etmək istəyirdim, lakin bizim zamanımızda bu, qəbuledilməz idi. - Mənim valideynlərim əslən Polşadandır, bunu qeyri- ciddi iş hesab edirdilər. Ona görə də mən tibb bacısı olmağa qərar verdim. "Beylinson" xəstəxanasının nəzdində tibb bacıları məktəbini bitirib, "Meir" xəstəxanasında baş tibb bacısı, sonra isə həmin xəstəxanada heriatrik şöbənin yaradılmasına cavabdeh idim.

61 yaşımda təqaüdə çıxdım, Vinqeyt adına bədən tərbiyəsi və idman İnstitutunun yoqa müəllimləri kursuna yazıldım. O zaman mənim bu sahədə təcrübəm vardı".

- Nəyə görə məhz yoqa?

- Doğum şöbəsində işləyərkən, mən hamilə qadınlar üçün yoqa ilə maraqlandım və hansısa məqamda anladım ki, bu praktika mənə xoş gələn hər şeyi özündə ehtiva edir. Necə yaxşı izah edim...Yoqa insanı optimal ruhi vəziyyətə gətirir, onun şəxsiyyətini dəyişir, dünyaya başqa baxış bucağından baxmağı öyrədir. Bu, məni tamamilə dəyişdirib.

Lili Froyd yoqa ilə məşğul olur və artıq 20 ildir ki, qadınlara dərs verir.

"Mən əvvəllər, sadəcə, yoqa dərnəyinə gedirdim, - o, belə xatırlayır. - İndi isə WIZO (Beynəlxalq Qadın Sionist Təşkilatı) qadın təşkilatı çərçivəsində pulsuz dərclər keçirəm və yaşadığım sosial evin qadınları üçün yoqa seksiyasını işlədirəm", - qadın özü barədə danışıb.

Lili əmindir ki, söhbət yoqadan gedirsə, insanın yaşı maneə deyil, əksinə, üstünlükdür, çünki yoqa ruhi tarazlığı saxlamağa yardım edir.

"Mənim yaşımda yoqa müəllimi olmaq, sadəcə, heyranedicidir, - o, deyib. -

Tibbi təcrübəm mənə çox kömək edir. Mən insanı dinləməyi bacarıram, onun ağrılarını anlayıram, mənə qadınların müxtəlif fizioloji problemləri tanışdır".

- Yəni yoqa ilə istənilən yaşda məşğul olmaq mümkündür?

- Təbii ki... Bizim evdə 90 yaşlı qadınlar var, onlar yoqa ilə məşğul olur, fiziki hərəkətlər edir, müxtəlif pozalar icra edirlər. Əsas odur ki, bədənini rahatlaya biləsən, tənəffüsü düzgün tənzimləyəsən, o zaman çox şeylərə nail olmaq olar. Yoqa yaşlı adama lazımdır. Bir mənə baxın: yaxşı qamətim var, mən asanlıqla hərəkət edirəm, hafizəm də əladır. Yoqa yalnız fiziki hərəkətlər demək deyil, həm də beyin üçün faydalıdır. Məşqlər insanın qarşısında icra etməli olduğu müəyyən vəzifələr qoyur. Mən həmişə nələrisə dəyişirəm, köhnəliyə sinə gərməyə çalışıram. İnsanlar deyir ki, mən onlara nikbinlik aşılayıram.