03 May 2024
Zakir Həsənov XTQ-yə “hər an hazır olun” göstərişini verdi - VİDEO

Zakir Həsənov XTQ-yə “hər an hazır olun” göstərişini verdi - VİDEO

04 Yanvar 2022
Baxış: 709

Yanvarın 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyulub.

Müdafiə naziri hərbi hissənin ərazisində tikintisi davam edən bir neçə hərbi obyektə baxış keçirib.

Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi hissədə aparılan işlər barədə müdafiə nazirinə məruzə edib.

Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə görüşərək xüsusi təyinatlıların Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqların ölkə başçısı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Nazir, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin istənilən əmrinin icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.

Sonda müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib və onlara gələcək xidmətlərində uğurlar arzulayıb.