03 May 2024
Yaponiyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

Yaponiyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

15 İyun 2020
Baxış: 410

Yaponiyada ötən həftə ərzində koronavirusa yoluxanların sayı artmaqda davam edib. Virusun ən çox yayıldığı Tokio şəhəri xəstəliyin əsas ocağı kimi qalmaqdadır.

AJM xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb. Bildirilir ki, son sutka ərzində Yaponiyada ümumilikdə 75, o cümlədən paytaxt Tokioda 47 nəfərin koronavirusa yoluxduğu təsdiq olunub.

Xatırladaq ki, bundan bir həftə qabaq ölkədə ümumilikdə 38 koronavirusa yoluxma halı qeydə alınmışdı ki, bunun da 13-ü Tokioda baş vermişdi.

Bununla yanaşı, ötən sutka ərzində həmin virusdan heç kimin ölmədiyi də qeyd edilir.

Yaponiya əhalisinə müraciət edən Baş nazir Şinzo Abe bildirib ki, yay istilərinin başlaması, infeksiyanın öz-özünə dayanacağını deməyə əsas vermir: “İnfeksiya isti iqlimə malik Yaxın Şərq ölkələrində, o cümlədən Qətərdə də yayılır və yayda vəziyyətin yüngülləşəcəyini düşünmək düzgün deyil”.

Eyni zamanda bildirilir ki, son günlər virusa yeni yoluxma halları, xüsusən Tokioda axşam saatlarında restoranlara və əyləncə yerlərinə gedənlərdə qeydə alınıb. Hazırda Yaponiya paytaxtında məhdudiyyətlərin yüngülləşdirilməsinin üçüncü mərhələsinə başlanıb. Şəhərdə oyun salonları, karaokelər və əyləncə məskənləri fəaliyyətini bərpa edir. İyunun 19-da restoranlara və əyləncə obyektlərinə tam iş rejimində çalışmağa icazənin veriləcəyi gözlənilir. Həmin obyektlər hazırda saat 22:00-dək çalışır.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Yaponiyada 18 min 241 nəfər koronavirusa yoluxub. Onlardan 16 mindən çoxu sağalıb, 940 nəfər isə həyatını itirib.

Teqlər: Yaponiya