03 May 2024
Tokio Paralimpiadası zamanı tamaşaçıların stadionlara buraxılması məsələsinə avqustun 16-da baxılacaq

Tokio Paralimpiadası zamanı tamaşaçıların stadionlara buraxılması məsələsinə avqustun 16-da baxılacaq

14 Avqust 2021
Baxış: 757

Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarının təşkilatçıları tamaşaçıların idman obyektlərinə buraxılması məsələsini avqustun 16-da müzakirə edəcəklər.

AJM Kyodo agentliyinə istinadla xəbər verir ki, həmin gün bu barədə yekun qərarın qəbul olunacağı gözlənilir. Bildirilir ki, müzakirədə Yaponiya hökumətinin, Tokio administrasiyasının, Oyunların təşkilat komitəsinin və Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) nümayəndələri iştirak edəcəklər.

Yaponiyanın paytaxt regionunda koronavirus pandemiyası ilə əlaqədar vəziyyət hələ də gərgin olduğuna görə, Tokioda, həmçinin Çiba və Saytama prefekturalarında tamaşaçıların stadionlara buraxılmayacağı gözlənilir. Yarışların bir hissəsinin təşkil ediləcəyi Şizuoka prefekturasında isə azarkeşlərin idman obyektlərinə buraxılması nəzərdə tutulur. Lakin burada da stadionlara və idman zallarına yer tutumunun yalnız 50 faizi qədər və ya maksimum 5 min tamaşaçının buraxılacağı bildirilir.

Xatırladaq ki, sayca XVI olacaq Tokio Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.

“Tokio-2020” Paralimpiya Oyunlarında Azərbaycanı idmanın 6 növündə 47 kateqoriya üzrə 36 idmançı təmsil edəcək.