02 May 2024
Təqribən 80 ölkə Yaponiyadan koronavirusa qarşı dərmanın göndərilməsini xahiş edib

Təqribən 80 ölkə Yaponiyadan koronavirusa qarşı dərmanın göndərilməsini xahiş edib

01 May 2020
Baxış: 501

Təqribən 80 ölkənin nümayəndələri Yaponiya hökumətinə müraciət edərək koronavirusa qarşı istifadəsi nəzərdə tutulan və hazırda sınaqları davam edən “Favipiravir” (digər adı “Avigan”) dərmanının bu ölkələrə göndərilməsini xahiş ediblər.

AJM xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi mayın 1-də keçirilən mətbuat konfransında bildirib.

“Biz təqribən 80 ölkədən bununla bağlı sorğu almışıq və onlardan 43-ü ilə təchizatla bağlı addımlar artıq müzakirə edilib”, - deyə nazir bildirib. T.Moteqi qeyd edib ki, dərmanın gönədrilməsinə Yaponiyada hazırda qeyd edilən “qızıl həftə”dən sonra, mayın 7-də başlanacaq. Nazir əlavə edib ki, göndəriləcək dərmanların miqdarı 20 nəfərdən 100 nəfərədək qrup üzərində sınaqların keçirilməsinə imkan yaradacaq. Bu zaman dərmanın konkret olaraq hansı ölkələrə gönədriləcəyi açıqlanmayıb.

Xatırladaq ki, hələ aprelin 7-də T.Moteqi Yaponiyanın BMT-nin vasitəçiliyi ilə “Favipiravir” dərmanını 20 ölkəyə göndərəcəyini bildirmişdi. Həmin ölkələr sırasında İndoneziya, İran, Myanma və Çexiyanın adı çəkilirdi.

Qeyd edək ki, “Favipiravir” dərmanı Yaponiyanın “Fujifilm Holdings” korporasiyası tərəfindən hazırlanıb. Onunla müalicə zamanı müşahidə edilmiş əlavə təsirlərə görə bu dərman heç vaxt açıq satışa çıxarılmayıb. Buna baxmayaraq, Yaponiya hökuməti qrip epidemiyasına qarşı vasitə kimi onu ehtiyatda saxlayıb. Bununla yanaşı, “Favipiravir”dən Ebola qızdırmasına qarşı da səmərəli istifadə edildiyi bildirilir. Yaponiya hökuməti gələn ilin yayından başlayaraq bu dərmanı yeni koronavirusa qarşı vasitə kimi təsdiq etməyi planlaşdırır.

Əlavə olaraq bildirək ki, Yaponiyada son məlumatlara görə koronavirusa yoluxanların ümumi sayı 15 min nəfəri keçib. Bu virusun yaratdığı xəstəlikdən ölənlərin sayı isə 486 nəfərə çatıb. Daha 312 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Teqlər: Yaponiya