02 May 2024
Rusiya Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi vəzifəsinə azərbaycanlı namizəd irəli sürüldü

Rusiya Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi vəzifəsinə azərbaycanlı namizəd irəli sürüldü

30 Sentyabr 2021
Baxış: 747

Rusiya Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi vəzifəsinə Azərbaycan əsilli Rəşid İsmayılovun namizədliyini irəli sürüb.

AJMEDİA.İNFO Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu, Moskvada keçirilən beynəlxalq informasiya təhlükəsizliyi üzrə MDB nazirlərinin görüşündə qərara alınıb.

Tədbirdə Azərbaycan (müşahidəçi qismində), Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri iştirak ediblər.

Məsləhətləşmələr zamanı MDB üzvü olan ölkələr arasında qlobal və regional platformalarda beynəlxalq informasiya təhlükəsizliyinin təminatı sahəsində əməkdaşlıq məsələlərinə diqqət yetirilib.

Tərəflər 2021-2025-ci illərdə İKT-nin istifadəsində təhlükəsizlik üzrə yeni BMT Açıq İşçi Qrupunun (OEWG) işə başlamasının əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, Rəşid İsmayılov 1965-ci ildə Bakıda anadan olub. İki ali təhsili var. Müxtəlif illər ərzində informasiya texnologiyaları və konsaltinq təşkilatlarında mühüm vəzifələr tutub.

2014-2018-ci illərdə Rusiya rabitə və kütləvi informasiya vasitələri nazirinin müavini olub. 2018-2019-cu illərdə "Nokia" şirkətinin Rusiya üzrə baş direktoru olub.