03 May 2024
Putinin “lənətli çayı”: Palçığa basdırılan rus əsgərləri, partladılan tanklar...

Putinin “lənətli çayı”: Palçığa basdırılan rus əsgərləri, partladılan tanklar...

26 May 2022
Baxış: 579

Ukraynada Severodonetsk və Lisiçanski şəhərlərini ayıran çayda ölüm-dirim müharibəsi gedir.


AJMEDİA.İNFO bildirir ki, rus ordusu iki şəhəri mühasirəyə almağa çalışır. İlk dəfə xəstəxanada yaralı əsgərləri ziyarət edən Putin anbarlardakı köhnə tankları cəbhəyə aparıb. Luqansk qubernatoru Sergey Qayday deyib ki, rus işğalçılarının əsas hərbi məqsədləri sənaye şəhəri Severodonetski ələ keçirməkdir. Qubernator qeyd edib ki, gələn həftə Rusiya artilleriyasının bomba yağdırdığı şəhərin taleyi üçün həlledici olacaq. Luqanskı ölkənin qalan hissəsi ilə birləşdirən əsas yolun Rusiya qüvvələri tərəfindən bağlanması ilə bağlı xəbərlər isə təkzib edilib. Qayday Severodonetsk ilə Baxmut arasındakı yolun atəşə tutulduğunu təsdiqləyib, lakin humanitar yardımın keçməsinin hələ də mümkün olduğunu bildirib.


Severodonetsk sahillərində qarşıdurmaların şiddətləndiyi bir vaxtda Rusiya qüvvələrinin Baxmut yoluna nəzarəti ələ keçirəcəyi təqdirdə şəhərin tamamilə mühasirəyə alınacağı istisna edilmir. Rus işğalçıları Severodonetskə bitişik olan Lisiçanski də ələ keçirsələr, o zaman bütün Luqansk vilayətinə nəzarət etmiş olacaqlar.


Ukrayna Baş Qərargahı bu gün səhər saatlarında Rusiya qüvvələrinin gecə ərzində bir neçə uğursuz hücuma keçdiyini və itkilərdən sonra qoşunlarını Zolota Nyva kəndindən geri çəkdiyini açıqlayıb. Ukraynanın məlumatına görə, Rusiya ordusu Donetsk vilayətindəki Port şəhərinə əlavə qoşun yeridib və bütün diqqəti şəhərə tam nəzarət etməyə yönəldib. Qubernator Qaydanın sözlərinə görə, Putinin qoşunları nəyin bahasına olursa-olsun Luqanskı işğal etməyi hədəfləyir.


Digər tərəfdən, “Wall Street Journal”ın qeydinə əsasən, Severodonetsk və Lisiçansk şəhərləri, o cümlədən Siverski Donets çayı döyüşün mərkəzində yer alıb. Hər iki şəhərin hələ də Ukraynanın nəzarətində olduğunu yazan WSJ rus işğalçılarının Severodonetsk və Lisiçanski mühasirəyə almağa çalışdığını yazıb. “The New York Times” isə rus ordusunun son bir neçə həftə ərzində iki dəfə keçməyə çalışdığı, lakin 400-dən çox əsgərini itirdiyi Siverski Donetsini “lənətlənmiş çay” kimi qələmə verib. Ukrayna ordusu tərəfindən pusquya düşən rus qoşunlarının 70 tankı və zirehli texnikası da məhv edilib. Çayda körpünün qalıqlarını xüsusi fotoşəkillərlə təqdim edən NYT, ərazidə partladılmış tanklarla bərabər, cəsədlərin yarısının palçığa basdırıldığını da bildirib. Qəzetə əsasən, ölümcül çayı keçmə əməliyyatı müharibədə tələyə düşməyin təhlükəsini nümayiş etdirib. Mühasirənin Rusiya və Ukrayna arasında hər iki tərəfin istifadə etdiyi bir taktika olmasına baxmayaraq, böyük risklər daşıya bildiyi vurğulanıb.


Qeyd edək ki, Ukraynanın məlumatına görə, son üç ayda 30 minə yaxın rus əsgəri həlak olub. Qərb kəşfiyyat orqanları aprelin sonunda Rusiyanın ən azı 15 min əsgər itirdiyini açıqlayıb.(sfera)