03 May 2024
“Putin Ərdoğandan və Türkiyədən biabırçı şəkildə qorxur...” - ERMƏNİLƏR

“Putin Ərdoğandan və Türkiyədən biabırçı şəkildə qorxur...” - ERMƏNİLƏR

18 Noyabr 2021
Baxış: 655

“Ermənistan Rusiyadan tarixi bir dönüş etməlidir. Qərb isə bu işdə bizə mütləq kömək edəcək...”

Dünən - noyabrın 16-da Azərbaycanla sərhəddə törətdikləri təxribatın daha çox qəsbkar ölkənin özünə zərbə vurmasından və Kremlin növbəti dəfə birbaşa dəstək əlini uzatmamasından sonra Ermənistan ictimaiyyətində Rusiyadan tamamilə üz döndərmək meyilləri daha da güclənməyə başlayıb. Bunu erməni siyasi icmalçısı Qraçya Qalstuyanın “ArmenianReport” nəşrindəki “Hər şeyin izahı Putinin Ərdoğandan qorxmasıyla bağlıdır” başlıqlı məqaləsi də təsdiqləyir.

AJMEDİA.İNFO erməni toplumunun Rusiya haqqındakı gerçək düşüncələri ilə daha yaxından tanış etmək məqsədilə sözügedən materialın tərcüməsini kiçik ixtisarla təqdim edir:

“Dünyada rus sərxoşluğundan daha iyrənc bir şey varsa, o da rusların hamıya və hər şeyə xəyanət etmək istəyidir. Və ilk növbədə öz tarixi müttəfiqlərinə... İndi biz Kremlin Ermənistanın strateji tərəfdaşı kimi birbaşa öhdəliklərinə məhəl qoymamağa hazır olduğunun daha bir sübutunu görürük. Və bunu bütün dünya görür. Əslində hamımız bunu gördük. Rusiya Türkiyədəki hərbi təyyarələrinin məhv edilməsini uddu. Səfir Karlov öldürüldükdən sonra o, digər yanağını türklərə sarı tutdu. Bəli, rəsmi olaraq qəzəb kimi bir şey təsvir edlməyə başlandı... Hətta Türkiyədən gələn meyvə-tərəvəzin Rusiyaya idxalına da qadağa qoyuldu, rus turistlərə Türkiyəyə uçmaq da qadağan edildi...

Sonuncu məsələ tamamilə biabırçı bir hekayə ilə bitdi. Ruslar qadağalara tüpürdülər və həmişəkindən daha çox Türkiyəyə tətil keçirməyə uçdular, özü də yalnız birbaşa deyil, üçüncü ölkələr vasitəsilə də. Və qısa müddətdən sonra hər şey unuduldu və Putin Ərdoğanın necə “qüdrətli kişi” olmasından, necə “sözünün üstündə durmasından” danışmağa başladı...

O vaxtdan hamıya bəlli olduğu kimi, Putin Ərdoğandan və Türkiyədən biabırçı şəkildə qorxur. Məhz bu səbəbdəndir ki, Putin 44 günlük müharibədə Ermənistan qarşısında müttəfiqlik və tarixi öhdəliklərini qorxaqcasına yerinə yetirmədi... Putin “Azərbaycan ərazisində müharibə gedir” deyə nəsə höcətləməyə başladı. Bunu Krımı ilhaq edən və Donbasda müharibəyə başlayan, bundan əvvəl Abxaziya və Cənubi Osetiyaya rus tanklarının, az qala, Tiflisə çatmasına qədər dəstək verən şəxs dedi. İndi də Putinin qorxaqlığının nümunəsini görürük... Artıq bəllidir ki, Azərbaycan ... edib. Artıq bu haqda dövlətimizin rəhbərlərinin, iqtidar partiyasından olan deputatların bəyanatları var, bu barədə nəinki erməni, hətta dünya və Rusiya KİV də hay-küy salır. Amma Putin susur. Səs çıxartmağa qorxur...

O, başını quma basdırmış, lakin ictimaiyyətə fərqli bir şey nümayiş etdirən dəvəquşu pozasına üstünlük verdi. Bu fərqli şey Putin Rusiyasıdır. Güclü və döyüşə hazır rəqibə gəldikdə qorxaq, zəif ölkələrə gəldikdə isə həyasızcasına tələbkar... Ermənistan, təəssüf ki, zəifdir. Amma bu, məhz Rusiyanın günahı ucbatından belə olub...

Bəli, Rusiya tarixən ölkəmizə müttəfiqi, müstəqil dövlət kimi yox, özünün “forpostu” kimi baxıb. Mümkün olan hər şeyi aldığı ölkəmiz Rusiya üçün artıq bazarlıq obyektinə çevrilib. Və bütün bunlar, nəhayət, bizə aydın olmalıdır. İllüziyalar dünyasında daha çox qalmaq faciə ilə başa çatacaq. Ermənistan Rusiyadan tarixi bir dönüş etməlidir. Qərb isə bu işdə bizə mütləq kömək edəcək”.(moderator.az)