03 May 2024
İsrail qəzetində Azərbaycanın Milli Ordu Günü ilə bağlı MƏQALƏ

İsrail qəzetində Azərbaycanın Milli Ordu Günü ilə bağlı MƏQALƏ

28 İyun 2021
Baxış: 1032

Qarabağ işğaldan azad olunduqdan sonra ilk dəfə olaraq ötən şənbə Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə jurnalist Şmuel Dan Elmas İsrailin nüfuzlu ivritdilli “İsrael HaYom” qəzetində çıxan “Ermənistan sülh danışıqları aparmaqdan imtina edir” sərlövhəli məqaləsində bildirib.

“Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb.

Milli bayram şərəfinə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq sülhməramlı nitqlə çıxış edib. O bəyan edib ki, İkinci Qarabağ müharibəsindən sonra biz Cənubi Qafqazda sülhün, dialoqun və əməkdaşlığın inkişaf proseslərinin irəliləməsində maraqlıyıq.

Lakin Prezident İlham Əliyevin fikrincə, Ermənistan sülh danışıqları aparmaqdan imtina edir. Prezident bunu Bakıya gələn Rumıniya, Avstriya və Litvanın xarici işlər nazirləri ilə görüşündə bildirib.

“Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq”, - deyən Azərbaycan Prezidenti əlavə edib ki, “bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil”. Regional sülhə dəstək məqsədilə avropalı rəsmi şəxslərin iştirakına gəlincə, Azərbaycan Prezidenti belə izah edib: “Şadam ki, Avropa İttifaqı regional məsələlərdə öz iştirakını nümayiş etdirir və sizin səfəriniz bunun aydın göstəricisidir. Biz Cənubi Qafqazda sülh, barışıq, inkişaf və əməkdaşlıq işinə xidmət edən istənilən iştirakı qiymətləndiririk”.

İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzeti sonda yazır: “Azərbaycan 30 il erməni işğalı altında qalan ərazilərini azad edən qalib dövlət kimi bütün dünyaya Cənubi Qafqaz regionunda özünün artan geosiyasi, hərbi-texniki, texnoloji və diplomatik gücünü sübut etdi”.