03 May 2024
İran səfiri Azərbaycan-Ermənistan sərhədində: "Tehranın açıqlamaları ilə diplomatik davranışları uyğun gəlmir"

İran səfiri Azərbaycan-Ermənistan sərhədində: "Tehranın açıqlamaları ilə diplomatik davranışları uyğun gəlmir"

04 Avqust 2021
Baxış: 705

“İran səfiri Abbas Zohurinin Ermənistan-Azərbaycan sərhədini, xüsusilə ermənilər tərəfindən gərginlik yaradılan məntəqələri ziyarət etməsi bizim tərəfimizdən birmənalı qarşılaşana bilməz. İran səfirinin bu səfəri Azərbaycan ictimaiyyətində haqlı olaraq suallar doğurur, çünki İran müharibənin son dövrlərindən etibarən iddia edir ki, bu dövlət Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın ərazimizin bir parçası olduğunu dəstəkləyir”.

AJMEDİA.İNFO bildirir ki, bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

O, İran səfirinin Ermənistan ərazisindən Azərbaycanla sərhədə səfərinin və erməni hərbçilərlə şəkillər çəkdirməyinin Azərbaycan tərəfindən anlaşılmaz olduğunu və bununla bağlı rəsmi açıqlama verməli olduğunu bildirib:

“İndiki vəziyyətdə İran səfirinin Ermənistan tərəfdən sərhədə səfər etməsi, erməni hərbçiləri ilə birlikdə şəkil çəkdirməsi, ordan Azərbaycanı göstərməsi heç də xoş səmimiyyətdən xəbər vermir. Biz oxşar addımı daha əvvəl Fransa və ABŞ səfirlərindən gördük və narazılığımızı bildirdik. Bu iki dövlətin addımını müəyyən qədər başa düşmək olur, Fransada və ABŞ-dakı erməni lobbisinin təsiri, Fransanın dövlət mövqeyi bu səfərdə böyük rol oynayıb. Lakin İranın açıqlamaları ilə diplomatik davranışları uyğun gəlmir. İran var gücü ilə elan edir, inandırmağa çalışır ki, bizim ərazi bütövlüyümüzü tanıyır, lakin digər tərəfdən İran səfiri Vardenisdən Azərbaycan mövqelərini işarə ilə göstərir. Üstəlik, səfir erməni hərbçiləri ilə çəkdirdiyi şəkilləri mətbuata, ictimaiyyətə yaymaqdan da çəkinmir. Bu, bizim üçün anlaşılmazdır və İranın Azərbaycan əleyhinə olan mövqeyidir. Biz bu məsələ ilə bağlı İrandan rəsmi açıqlama tələb edirik. Rəsmi şəkildə izah eləsinlər ki, onları Fransa, ABŞ səfiri kimi Ermənistan ərazisindən sərhədə səfər edib, Azərbaycan mövqelərini işarə ilə göstərməyə məcbur edən səbəb nədir?”.