05 May 2024
Elşad Miridən İRONİK PAYLAŞIM: “Din xadimləri üçün də bina tikilsin”

Elşad Miridən İRONİK PAYLAŞIM: “Din xadimləri üçün də bina tikilsin”

25 Noyabr 2023
Baxış: 570

Tanınmış dinşünas Elşad Miri ironik paylaşım edib.

AJMEDİA.İNFO bildirir ki, o, son zamanlar yazıçılar, jurnalistlər arasında davam edən ev mübahisələrinə toxunaraq din xadimləri üçün də bina tikilməsini təklif edib.

“Jurnalistlər üçün bina tikilib mənzillər verildi. Bəzi müğənnilərə evlər verilir, yazıçılara evlər paylandı. Bəs, niyə Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təyin etdiyi din xadimlərinə bina tikilmir? Dini Komitənin nəzdindəki Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə din xadimlərinə maaşlar verilirsə, onlar maşınla təmin olunursa, yay tətillərini keçirmək üçün istirahət zonalarında seminarlar keçirilirsə, bina niyə tikilməməlidir? Komitədə işlədikləri halda kitab yazdıqlarına görə iş yerlərindən qonarar alırlarsa, evlə niyə təmin edilməməlidirlər?”.

E.Miri həmçinin, “Bina qibləyə uyğun tikilməlidir”, “Hər namaz vaxtı hər iki məzhəbə uyğun azanlar verilməlidir”, “Bina xüsusi olaraq gül suyu ilə yuyulmalıdır”, “Həyətində xüsusi məscid də inşa edilməli və hamı düşüb namazı orda qılmalıdır”, “Binanın nəzir qutusu formasında olması məqsədəuyğundur. Hətta qara fasadın üzərində nəzir üçün QR kod olsa, daha gözəl olar”, “Qadın və kişi üçün ayrı liftlər yerləşdirilməlidir” və.s tipli ironik bənzətmələr də edib.

Dinşünas son olaraq, fikirlərini bu cür yekunlaşdırıb: “Jurnalistlərdən və yazıçılardan fərqli olaraq ev ala bilməyən və ya otaqları az olan din xadimləri nə Allahşükür Paşazadəni, nə də Mübariz Qurbanlını tənqid etməyəcəklər. Bir-birinə də deməyəcəklər ki, filankəsin evi və ya bağı var, ona niyə yenə ev verdiniz. Çünki din xadimləri gözütox insanlardı. Onlar çox gözəl bilirlər ki, bu dünya fanidir”.