02 May 2024
Dmitri Savelyev: “Azərbaycan xalqı işğalçıların viran qoyduğu yerlərdə aktiv həyatı bərpa edəcək”

Dmitri Savelyev: “Azərbaycan xalqı işğalçıların viran qoyduğu yerlərdə aktiv həyatı bərpa edəcək”

30 Dekabr 2021
Baxış: 600

Azərbaycan xalqı əyani olaraq sübut etdi ki, o, yorulmadan çalışmağı bacarır, öz ölkəsinin müstəqilliyini, ərazi bütövlüyünü müdafiə etməyə qadirdir. Bunu Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev açıqlamasında deyib.

AJMEDİA.İNFO xəbər verir ki,O, dekabrın 31-də qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Azad edilmiş ərazilərin bərpası azərbaycanlılar üçün milli şərəf işidir və dövlətin növbəti onillik üçün ən mühüm prioritetlərindən biridir. Yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtması üçün hər cür şərait yaradılmalıdır- orada mənzillər tikilir və iş yerləri açılır”, - deyə Dmitri Savelyev bildirib.

Dövlət Dumasının deputatının sözlərinə görə, Prezident İlham Əliyevin seçdiyi bərpa strategiyası öz səmərəliliyi ilə göz qabağındadır: elektrik enerjisi və nəqliyyat logistikası ilə təminat üzrə infrastruktur layihələri prioritet vəzifələrdir.

“Cəmi səkkiz ayda - rekord müddətdə tikilmiş Füzuli Beynəlxalq Hava Limanının və yüksək keyfiyyətli yüz kilometrlik Zəfər Yolunun istifadəyə verilməsini əlamətdar hadisə hesab edirəm”, - deyə həmsöhbətimiz vurğulayıb.

“Əminəm ki, zəhmətkeş və mehriban Azərbaycan xalqı nəzərdə tutulan hər şeyi həyata keçirəcək, işğalçıların viran qoyduğu yerlərdə aktiv həyatı bərpa edəcək, memarlıq, incəsənət və dini abidələrə yenidən həyat bəxş edəcək. Qarabağın Dirçəliş Fondunun məlumatına görə, azərbaycanlılar artıq bu məqsədlə 100 milyon dollardan çox ianə veriblər ki, bu da onların birliyini və bərpa strategiyasını qəbul etdiyini nümayiş etdirir”, - o deyib.

Bütün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Dmitri Savelyev Azərbaycana aydın səma, yeni nailiyyətlər və rifah, planetin bütün azərbaycanlılarına isə xoşbəxtlik və firavanlıq arzulayıb.

“Qoy, Rusiya və Azərbaycan gələn il xalqlarımızın qardaşlıq münasibətlərini daha da möhkəmləndirsin. Qoy, qarşıdan gələn 2022-ci il hamı üçün xeyirxahlıq, sevinc və yaradıcılıq ili olsun, gələcəyə inamı gücləndirsin və ona olan bütün ümidləri doğrultsun”, - Savelyev deyib.