03 May 2024
“Die Welt” qəzeti: Aİ Lukaşenkonu sanksiyalar siyahısına salmayacaq

“Die Welt” qəzeti: Aİ Lukaşenkonu sanksiyalar siyahısına salmayacaq

04 Sentyabr 2020
Baxış: 1211

Avropa İttifaqı (Aİ) Belarus Prezidenti Aleksandr Lukaşenkonu sanksiyalar siyahısına salmayacaq.

AJM-nın xəbərinə görə, bu barədə “Die Welt” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, bunun əsas səbəbi Almaniyanın, həmçinin Fransa və İtaliyanın tutduğu mövqedir.

Berlin, Paris və Roma bəyan edib ki, istənilən halda Lukaşenko ilə əlaqə kanallarını açıq saxlamaq lazımdır. Bu ölkələr hesab edir ki, Lukaşenkonun adının “qara siyahı”ya salınması Minsklə dialoqun tamamilə dayandırılması deməkdir.

Qeyd edək ki, Belarus liderinə qarşı məhdudlaşdırıcı addımların atılması təşəbbüsü ilə ilk növbədə Baltikyanı ölkələr və Polşa çıxış edir.

Belarusda avqustun 9-da Prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib, onun əsas rəqibi Svetlana Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb.

Lakin müxalifət seçkinin nəticələrini qəbul etmir.

Dünyanın müxtəlif ölkələri, habelə bəzi nüfuzlu beynəlxalq təşkilatlar da seçkinin nəticələrini tanımayıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlar aksiyalar keçirir.

S. Tixanovskaya isə təqiblərdən yaxa qurtarmaq üçün Belarusu tərk edərək Litvaya getmək məcburiyyətində qalıb.