03 May 2024
BMT Baş Assambleyası koronavirusa qarşı vaksinlərdən ümumi istifadəni təmin etməyə çağırıb

BMT Baş Assambleyası koronavirusa qarşı vaksinlərdən ümumi istifadəni təmin etməyə çağırıb

22 Aprel 2020
Baxış: 492

BMT-nin iqamətgahı bağlıdır, lakin onun əsas orqanları, o cümlədən Təhlükəsizlik Şurası, Baş Assambleya və Katiblik distant rejimdə işləməyə davam edir. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, dünən Baş Assambleyanın nümayəndələri qətnamə qəbul edərək, koronavirus əleyhinə yaradılacaq vaksinin hamı üçün əlçətanlığını təmin etməyə, habelə dərman və fərdi qoruyucu vasitələrlə spekulyasiyaları dayandırmağa və onları ifrat miqdarda tədarük etməməyə çağırıb.

"COVID-19-a müqavimət göstərmək üçün dərman, vaksin və tibbi avadanlıqdan qlobal istifadəni təmin etmək məqsədi ilə beynəlxalq əməkdaşlıq" adlı qətnamə yekdilliklə bəyənilib.

Baş Assambleya BMT-nin Baş katibinə Dünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq şəraitində zəruri dərman və materialların istehsal miqyasının genişləndirilməsi strategiyasını işləyib hazırlamağı, habelə profilaktika vasitələrindən, reagentlərdən, tibbi təyinatlı yardımçı materiallardan, yeni diaqnostika vasitələrindən, COVID-19 əleyhinə dərmanlardan və gələcək vaksinlərdən istifadənin vaxtında təmin edilməsinə kömək göstərməyi tapşırıb.

Baş Assambleya nümayəndələri dövlətləri elmi tədqiqatlar aparmağa, vaksin və dərman hazırlanmasına maliyyə resursları ayırmağa, habelə COVID-19 koronavirusuna qarşı mübarizədə beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirməyə çağırıb.

Dünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Hebreyesus Cenevrədə brifinqdə bir sıra ölkələrdə məhdudiyyətlərin tədricən aradan qaldılmasına baxmayaraq, koronavirusa qarşı mübarizəni davam etdirməyə çağırıb. O vurğulayıb ki, insanları operativ testdən keçirmək, xəstələnənlərin müalicəsini, onların təcridini təmin etmək, əlaqələrini izləmək bu gün əvvəlki kimi əhəmiyyətlidir. Bir çox ölkələrdə pandemiya sürətlə yayılmaqdadır. Onların bəzilərinin nə test dəsti, nə də qoruyucu vasitəsi var, belə ölkələrin beynəlxalq yardıma ehtiyacı var.

Doktor Tedros bununla əlaqədar bildirib ki, DST BMT-nin digər təsisatları ilə birlikdə yaxın dörd ayda 30 milyon test dəstinin istehsalına sifariş verib. Test dəstlərinin ilk partiyası artıq gələn həftə gözlənilir.

DST Dünya Ərzaq Proqramı ilə birlikdə "həmrəylik uçuşları" da təşkil edib. BMT anbarlarından Afrikaya və digər qitələrə dərmanlar və tibb avadanlığı göndərilir. Ötən həftə bu əməliyyat çərçivəsində dünyanın 40 ölkəsinə maskalar, qoruyucu eynəklər, test dəstləri və tibb avadanlığı göndərilib. DST 120 dövlətdə pandemiyaya qarşı mübarizəni təmin etmək üçün zəruri olan bütün vasitələrin fasiləsiz çatdırılmasını təmin etməyi planlaşdırır.

"Aprel-may aylarında biz təqribən 180 milyon cərrahi maskanı, 54 milyon 95 nömrəli maskanı və 3 milyondan çox qoruyucu eynəyi bu vasitələrə daha çox ehtiyacı olan ölkələrə göndərmək niyyətindəyik", - deyə DST-nin başçısı bildirib.

DST-nin bu günə olan rəsmi məlumatına görə, dünyada 2,5 milyondan çox insan koronavirusa yoluxub, 177 688 nəfər dünyasını dəyişib. Koronavirusa yoluxmuş yüz minlərlə insan ağır vəziyyətdədir və həyat uğrunda mübarizə aparır.

Koronavirus ocağı ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uxan şəhərində aşkar edilib

Teqlər: BMT