03 May 2024
Bayden Microsoft və Google rəhbərləri ilə süni intellektin risklərini müzakirə edib

Bayden Microsoft və Google rəhbərləri ilə süni intellektin risklərini müzakirə edib

05 May 2023
Baxış: 483

ABŞ prezidenti Co Bayden yeni texnologiya ilə bağlı riskləri və təhlükəsizlik tədbirlərini müzakirə etmək üçün Ağ Evdə aparıcı süni intellekt şirkətləri, o cümlədən Google və Microsoft rəhbərləri ilə görüşüb.

İki saat davam edən görüşdə “Google”dan Sundar Piçai, “Microsoft”dan Satya Nadella, “OpenAI”dən Sem Altman və “Anthropic”dən Dario Amodei, həmçinin ABŞ-ın vitse-prezidenti Kamala Harris, administrasiya rəsmiləri, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, ticarət naziri Cina Raymondo və başqaları iştirak ediblər.

Ağ Ev vurğulayıb ki, süni intellekt texnologiyası həyatı yaxşılaşdırsa da, təhlükəsizlik, məxfilik və vətəndaş hüquqları ilə bağlı narahatlıqları artıra bilər.

Bayden administrasiyasının rəsmilərinin dediyinə görə, süni intellekt şirkətləri istehsal etdikləri məhsulların təhlükəsizliyini təmin etmək üçün qanuni məsuliyyət daşıyırlar və administrasiya yeni qaydaları irəli sürməyə və süni intellektlə bağlı yeni qanunvericiliyi dəstəkləməyə açıqdır.

Bayden həmçinin yeddi yeni süni intellekt tədqiqat institutunu işə salmaq üçün Milli Elm Fondundan 140 milyon dollar sərmayə ayıracağını açıqlayıb.

Teqlər: