03 May 2024
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu tarixdə imzalanacaq" – AÇIQLAMA

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu tarixdə imzalanacaq" – AÇIQLAMA

19 Aprel 2022
Baxış: 701

ATƏT-in Minsk Qrupunun (MQ) Rusiyadan olan həmsədri İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.

Maraqlıdır, xüsusi nümayəndə Azərbaycanla Ermənistan arasında münaqişəli məsələlərin həllində rol oynamaqda maraqlı olacaq, yoxsa ayrı hədəflər var?

AJMEDİA.İNFO xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan beynəlxalq məsələlər üzrə siyasi şərhçi Əziz Əlibəyli xüsusi nümayəndənin təyin edilməsinin iki hədəfdən ibarət olduğunu bildirib. Ə.Əlibəyli Rusiya yönümlü müqavilənin olacağını qeyd edib:

"Bu təyinatın iki hədəfi var. Birinci hədəf ondan ibarətdir ki, Ukraynada baş verənlərə görə ABŞ-la Fransanın mövqeyi Minsk qrupunun ləğvinə gətirib çıxardı. Bu, birinci məsələ idi. Rusiya İqor Xovayevi buna görə Azərbaycan-Ermənistan münasibətləri üzrə xüsusi nümayəndə təyin edib. İkinci məsələ isə Brüssel danışıqlarından sonra Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin müəyyən olunması ilə əlaqəlidir. Bu gündəlikdən sonra birbaşa danışıqların aparılması, sərhəd xətlərinin müəyyən edilməsi, komissiyanın formalaşdırılması nəzərdə tutulmuşdu. Bundan başqa, ilk dəfə olaraq iki ölkənin XİN rəhbəri vasitəçi tərəf olmadan təmas qurmağa nail olmuşdu. Bu da onu göstərir ki, Brüsselin əlində olan bu təşəbbüs Moskva tərəfindən geri alınmaqdadır. Xüsusi nümayəndənin Azərbaycan və Ermənistanla danışıqlar başlatması, Paşinyanın Rusiyaya səfəri bağlanacaq sülh müqaviləsinin Qərb yönümlü yox, Rusiya yönümlü olması istəyi ilə əlaqəlidir. Bu səbəblə yeni mühit Moskvada baş tutan danışıqlar ətrafında təsis olunmalıdır”.

Ekspert 9 may tarixində Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin bağlana biləcəyini deyib:

"Münaqişəli məsələlərin həll olunmasında Rusiya təşəbbüsü ələ götürməkdə maraqlıdır. Birbaşa olaraq bu maraqla rəsmi Moskva "üçüncü əl” olaraq sülh müqaviləsində təsir mexanizmlərini saxlamış olacaq. Digər faktor isə 9 May Qələbə Gününə yaxın Ukraynadakı müharibənin özünün gərgin fazasına daxil olması ilə bağlıdır. Hər kəs düşünür ki, Mariupolun ələ keçirilməsi, Azov batalyonunun məhv edilməsi nəticəsində Ukraynada Rusiyaya qarşı reaksiya göstərə biləcək ciddi qüvvə qalmır. Bu mənada əgər proseslər Rusiya üçün 9 may tarixinədək uğurla başa çatarsa, Rusiya öz qələbəsini Kremldə elan etmiş olacaq. Belə bir məqamda dünyanın digər münaqişəli ölkələrində sülhməramlı tərəf kimi çıxış etmək Rusiya üçün çox vacibdir. Məhz ona görə indiki halda Azərbaycanla Ermənistan arasında münaqişənin başa çatmasının rəsmi təsbiti olaraq sülh müqaviləsinin bağlanması ilə əlaqəli təsirləri Rusiya öz əlində saxlayacaq. O səbəblə düşünürəm ki, 9 may tarixində Moskvada belə bir müqavilənin bağlanmasının şahidi ola biləcəyik”.