02 May 2024
Azərbaycanla dostluq, yoxsa... – İRANIN MÜNASİBƏTİ DƏYİŞƏCƏKMİ?

Azərbaycanla dostluq, yoxsa... – İRANIN MÜNASİBƏTİ DƏYİŞƏCƏKMİ?

22 Sentyabr 2021
Baxış: 417

Son günlər İranın Azərbaycanla sərhəd boyunca hərbi təlimlər keçirməsi narahatçılıq doğuran suallar ortaya çıxardı. Bunun üzərinə siyasi ekspertlər müxtəlif fikirlər səsləndirdi. Ən əsası isə İranın atdığı bu addım Azərbaycan ictimaiyyətinin diqqətini İran üzərində cəmləşdirdi. Köhnə sual yenidən ağıllara gəldi: İran bizə dostdu, yoxsa düşmən?

Bir daha xatırladaq. Azərbaycan xüsusən son 30 ildə İranın bütün neqativ addımlarına rəğmən münasibətlərə zərər gətirə biləcək addım atmadı. İrana qarşı yönələn koalisiyalarda yer almadı. Əksinə enerji tərəfdaşlığından tutmuş, bütün siyasi, iqtisadi, mədəni əlaqələrə açıq olduğunu hər anlamda bəyan etdi. Heç kimə sirr deyil ki, bu ölkə ilə sərhədlərimiz açıldıqdan sonra kasıb İranın kasıb bazarını ölkəmizlə ticari əlaqələr canlandırdı. Hətta İranı varlandırdı.

Amma bütün bunlar İranın bizə münasibətini dəyişmədi. Görəsən niyə?

Siyasi ekspert Elçin Mirzəbəyli 30 il ərazində İranın mövqeyinin dəyişməməsinin təəssüfedici hal olduğunu bildirdi.

“Mahiyyət dəyəri ilə əgər ortaq dəyərlərdən, tarixi amillərdən söhbət gedirsə, eyni zamanda nəzərə almaq lazımdır ki, orada bizim soydaşlarımız yaşayır və bu ölkənin titul xalqıdır. Azərbaycana qarşı münasibət tamamilə fərqli olmalı idi. Ancaq biz həm Azərbaycanın həyata keçirdiyi enerji layihələrində, həm Xəzərin hüquqi statusu ilə bağlı konvensiyann razılaşdırıldığı vaxtda İranın bu və ya digər məsələlərə münasibətini gördük. Ermənistanın sabiq prezidentləri Robert Koçaryan, və Levon Ter-petrosyan İranla münasibətləri həyat yolu adlandırırdılar”.

Gərginliyin yüksəlməsi fonunda İranın Xarici İşlər Nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur Azərbaycana rəsmi səfərə gəldi. Həm də səfərin əsas məqsədi kimi Azərbaycan, Türkiyə və İranın birgə araşdırma mərkəzinin yaradılması məsələsinin müzakirəsi olduğunu bildirdi. Bəs əgər münasibətlər lazımı qədər normallaşarsa bu İran üçün nə demək olacaq? Elçin Mirzəbəyli deyir ki, İran regionda ölkəmizin yaratdığı mövcud reallığı qəbul edərsə, bunun ən böyük faydasını özü görəcək.

“Ermənistan dalana dirənmiş bir ölkədir. Ermənistanın nə iqtisadi durumu, nə əhali sayı, nə də Ermənistan bazarı İran üçün hansısa bir formada əlverişli ola bilməz. Ancaq Azərbaycan regionda həm enerji layihələri çərçivəsində, həm nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir və Azərbaycan indiki halda regionda bir paylayıcı funksiyasını yerinə yetirir. Azərbaycanın iqtisadi imkanlarından keçməklə şübhəsiz ki, İran daha böyük iqtisadi imkanlara sahib ola bilər”.

Siyasi şərhçi Əziz Əlibəyli isə bildirdi ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbə ilə həm özünün beynəlxalq aləmdə olan nüfuzunu daha da möhkəmləndirib, həm də regionda münaqişə ocağını saxlayan Ermənistana dərsini verib.

Artıq Azərbaycan bölgədə çox böyük bir potensial imkan yaradıb. İran özü də bu imkanlardan yararlanacaq bir şansı, imkanı dəyərləndirməlidir. 2-ci hesab edirəm ki iran sanksiyalar altında müəyyən qədər zəifləyib. Onun Avropaya çıxışında, eyni zamanda sanksiyalarındakı yükün azaldılmasında Azərbaycan vacib rol oynayır. Azərbaycanla İranın potensial əlaqələri, iqtisadi dövriyyəsinin dəyəri 50 milyard dollarla ölçülür. Hesab edirəm ki bu İmkanı da əldən qaçırmaq olmaz.

Və sonda... İndi Azərbaycan 30 il öncəki ölkə deyil. Uzaqgörən lideri, güclü ordusu, istənilən an dəmir yumruğa çevrilə bilən xalqı var. Son 1 ildə baş verənlər isə sübut elədi ki, belə bir ölkəyə diş qıcamaq yox, əl uzatmaq lazımdır. Dostluq əli... apa

Xələf Xələfov

Teqlər: İran