05 May 2024
“AZAL-da idarəetmə dəyişə bilər” - MARAQLI AÇIQLAMA

“AZAL-da idarəetmə dəyişə bilər” - MARAQLI AÇIQLAMA

21 Aprel 2022
Baxış: 507

"Hamı AZAL-dan şikayət edir, amma heç nə dəyişmir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspert AZAl-ın dövlət büdcəsindən ən çox dotasiya alan şirkət olduğunu qeyd edib:

"Dünyada məşhur olan "Deloitte” audit şirkətinin AZAL-da apardığı yoxlamaların nəticələrinə görə AZAL-ın məcmu zərəri 2018 ci ildə 151 mln 320 min manat, 2019-cu il üzrə 78 mln. 770 min manat olub. Bu göstərici 2020-ci ildə 76 mln. 415 min manat olaraq qeydə alınıb. 2021-ci il üçün məlumatlar hələ ki, yoxdur, amma AZAL həm də büdcədən ən çox dotasiya alan şirkətlətrdən biridir – 2019-2021-ci illər ərzində şirkət büdcədən ümumilikdə 215 mln. manat dotasiya alıb.

AZAL ölkədə inhisarçıdır, həm uçuşlara, həm də yerüstü xidmətlərə nəzarət edir, ölkəyə xarici şirkətlərin birbaşa daxil olmasına mane olur, regionda ən baha qiymətə bilet satır, yerüstü xidmətləri bahadır, büdcədən dotasiya, təyyarələri də büdcə hesabına alır – amma ziyanla, zərərlə işləyir”.

Natiq Cəfərli Hesablama Palatasının AZAL-da yoxlama aparmasının idarəetmənin dəyişməsi ilə nəticələnə biləcəyini bildirib:

"Hətta Avropa Birliyi ilə yeni əməkdaşlıq sazişinin imzalanmasının uzanmasının da əsas səbəbkarlarından biri "AZAL”dır – bazarı əlindən buraxmaq istəmir.
Ümid edək ki, Hesablama Palatasının başladığı yoxlamalar AZAL-ın idarəetməsinin, bu sahəyə münasibətin dəyişməsi ilə nəticələnəcək, yoxsa insanda sual yaranır ki, nədən hamının şikayətçi olduğu AZAL heç kimi və heç nəyi vecinə almadan həm büdcəni, həm də vətəndaşların cibini "sağmaqda” davam edir?!”.

Xatırladaq ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZAL-da ciddi yoxlamaların başlanıldığını, 2 aya yekunlaşacağını və ictimayətə bununla bağlı əlavə məlumat veriləcəyini deyib.