16 May 2024
"Ancaq ölüm görürəm..." - Zelenski Putindən və övladlarının harada olmasından DANIŞDI

"Ancaq ölüm görürəm..." - Zelenski Putindən və övladlarının harada olmasından DANIŞDI

20 Dekabr 2023
Baxış: 347

Ukrayna Prezidenti Volodimir Zelenski dünən 2023-cü ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

AJMEDİA.İNFO Ukrayna mətbuatına istinadla xəbər verir ki, təhlükəsizlik baxımından tədbir başlayana qədər mətbuat konfransının dəqiq vaxtı və yeri açıqlanmayıb.

“Səfərbərlik üçün 13 milyard dollar lazımdır”

Zelenskinin mətbuat konfransı onun cəbhədə döyüşən Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə söylədiyi təşəkkür sözləri ilə başlayıb. O, həmçinin Ukraynanı Avropa İttifaqına üzvlüyə namizəd ölkə statusu alması və üzvlüklə bağlı danışıqlara başlanması münasibətilə təbrik edib.

Mətbuat konfransında ilk sual Ukrayna ordusuna səfərbərliklə bağlı olub. Ukrayna Prezidenti deyib ki, hərbçilər ondan 450-500 min nəfəri səfərbər etməyi xahiş ediblər. Prezident isə əvvəlki planı yekunlaşdırmağı təklif edib və qeyd edib ki, burada təkcə yeni hərbçilərin cəlb edilməsi deyil, həm də təxminən iki ildir xidmət edənlərin ordudan tərxis olunması nəzərə alınmalıdır.

Onun sözlərinə görə, bu məsələdə ədalətin qorunması vacibdir: "Biz ən cəsur insanları, onların mənəvi durumunu itirə bilmərik".

Zelenski həmçinin bildirib ki, bu sayda insanın səfərbər olunmasının dəyəri təxminən 500 milyard qrivna (təxminən 13 milyard dollar) olacaq.

Prezident mətbuat konfransı zamanı Qərb dövlətlərinin Ukraynaya yardımı davam etdirəcəyinə əmin olduğunu deyib: “Mən əminəm ki, ABŞ bizə xəyanət etməyəcək və Birləşmiş Ştatlar razılaşdığımız hər şeyi tam şəkildə həyata keçirəcək”.

Ukrayna prezidenti əmin olduğunu bildirib ki, Avropa İttifaqı “yaxın gələcəkdə” də Kiyevə vəsait ayıracaq. Onun fikrincə, 50 milyard avronun transferi ilə bağlı razılığa gəlmək mümkün olmasa, yardım üçün “başqa mexanizmlər” işə salınacaq.

“Müharibənin nə vaxt bitəcəyini bilmirəm”

Jurnalistlər Zelenskidən Qərb liderlərinin müharibənin uzun müddət davam edə biləcəyi və 2024-cü ildə bitməyəcəyi ilə bağlı fikirləri ilə razılaşıb-razılaşmadığını soruşublar.

Ukrayna prezidenti bəyan edib ki, Rusiya ilə müharibənin nə vaxt bitəcəyini bilmir: “Düşünürəm ki, heç kim bu cavabı bilmir, hətta komandirlərimiz və ya Qərbdəki tərəfdaşlarımız belə bilmirlər. Bunlar sadəcə fikirlərdir və fikirlər çox vaxt reallıqdan fərqlənir”.

Zelenski rus qoşunlarının üç gün ərzində Kiyevi ələ keçirəcəyi ilə bağlı proqnozları da xatırladıb: “Bunlar da fikirlər idi. Müharibə, qələbə, məğlubiyyət, durğunluq bir çox qərarlardan, çoxlu risklərdən, bir çox istiqamətlərdən, amma əsasən səndən və məndən asılıdır. Əgər müqavimətimizi itirməsək, müharibəni daha tez bitirəcəyik... Biz ölkəmizdən imtina etməyə hazır deyilik”.

Prezident bildirib ki, 2023-cü ilin yayındakı əks-hücuma Ukrayna ordusunda, xüsusən də hava məkanına nəzarət etmək üçün kifayət qədər sursatın olmaması mane olub: “Səmanın Ukrayna tərəfindən idarə olunmaması 2023-cü ildəki cənub əməliyyatına təsir etdi. Biz səmaya nəzarət etmirik, kifayət qədər uyğun sursatımız yoxdur. Ancaq bu, çıxış yolu tapmayacağımız və ya hələ tapmadığımız demək deyil. Amma bunun üçün həqiqətən dəstəyə ehtiyacımız var, çünki sadəcə olaraq sursatla bağlı bəzi şeylərimiz yoxdur. Biz bunun üzərində işləyirik”.

“İndi tam fərqli vəziyyətimiz var”

Qərb mediasının nümayəndələrindən biri Ukrayna Prezidentindən cəbhədəki cari hadisələrin “itkilərin başlanğıcı” olub-olmadığını və bunların müharibədə məğlubiyyətə gətirib çıxarıb-çıxarmayacağını soruşub.

Prezident əminliklə “yox” cavabını verib və bildirib ki, müharibənin əvvəlində vəziyyət indikindən xeyli daha ağır idi: “Ən çətin vəziyyətdə idik, demək olar ki, tamamilə işğal olunmuşduq - ən azı mərkəzi rayonlar, dövlətimizin maddi-texniki təminatı, avtomobil yolları, dəmir yolları, ərzaq təchizatı, tam blokadada idi. İndi tam fərqli vəziyyətimiz var”.

Bununla yanaşı, Zelenski ciddi ehtiyacların olduğunu da vurğulayıb: “Artilleriya mərmiləri, artilleriya sistemləri, tank əleyhinə sistemlər, artilleriya sistemlərinin təmiri və s. Ancaq xablar(mərkəzlər) tədricən açılır. Silahlarımızı təmir etmək üçün xablara çata bilməyəndə çətinlik çəkirdik, qonşularımızla problemlərimiz vardı. Çünki məsələyə siyasət qarışır. Hər kəs bunun asan olmadığını başa düşür. Haqqında danışdığınız risk həmişə mövcuddur”.

Zelenski həmçinin bildirib ki, bu qış Ukraynaya bir neçə yeni “Patriot” hava hücumundan müdafiə sistemi gələcək. O, məxfi məlumatları açıqlamamaq üçün dəqiq rəqəmi söyləməyib.

“Rusiya ilə danışıqlar aktual deyil”

Zelenski yekun mətbuat konfransında Rusiya ilə Ukraynanın maraqları naminə danışıqların nə vaxt və hansı şəraitdə aparıla biləcəyi sualını cavablandırıb. Deyib ki, bu məsələnin (danışıqlar - red.) hazırda aktuallığı yoxdur, çünki o, Rusiyadan danışıq istəyi görmür: “Ukraynanın sülh formulası var... Əgər “qarşı tərəf” bu sənədi qəbul etməyə hazırdırsa, bu, danışıqlar məsələsinin aktual olduğunu göstərəcək. Bu(danışıqlar-red.), bu gün aktual deyil. Rusiyadan müraciət görmürəm. Mən onların hərəkətlərində bunu görmürəm. Mən ritorikada ancaq təkəbbür və ölüm görürəm. Rusiya Prezidenti Vladimir Putin Rusiyanın müharibə hədəflərinin dəyişməz olduğunu deyir. Bu, o deməkdir ki, o, sülh istəmir”.

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı ilə münasibətlərindən də danışıb və generalla onun arasındakı iddia edilən “münaqişə” ilə bağlı şayiələrə münasibət bildirib: “Mənim Zalujnı ilə işgüzar münasibətim var, o, Baş Qərargahla birlikdə baş komandan kimi döyüş meydanındakı nəticəyə görə cavabdeh olmalıdır. Baş komandan olmaq şərəfdir. Prezident olmaq şərəfdir. Biz təslim olmamalıyıq, heç kimə bunu etməyə imkan verməyəcəyəm. Bizə güclü addımlar və nəticələr lazımdır. Söhbət şəxsiyyətlərdən getmir. Bizə nəticələr lazımdır”.

Zelenski Zalujnı və komandası ilə bundan sonra da işləyəcəyini vurğulayıb.

Zelensk ailəsi ilə bağlı suala da cavab verib və deyib ki, ailə üzvləri Ukraynadadır: "Oğlum ya məktəbə gedir, ya da onlayn qoşulur, bütün oğlanlar və qızlar kimi. Qızım isə universitetdədir və onların burada olmasına çox şadam”.( “AzPolitika.info”)