04 May 2024
Türkiyə ilə Rusiya arasında aviasiya əlaqəsi iyulda bərpa oluna bilər

Türkiyə ilə Rusiya arasında aviasiya əlaqəsi iyulda bərpa oluna bilər

21 May 2020
Baxış: 514

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Rusiya ilə koronavirus səbəbindən dayandırılan aviasiya əlaqəsinin iyulun ortalarında bərpa olunacağına ümid edir.

AJM xəbər verir ki, nazir bu barədə məlumatı TASS informasiya agentliyinə müsahibəsində səsləndirib.

“May ayının sonlarında daxili turizm çərçivəsində səfərlər bərpa olunacaq və iyun ayına qədər onların sayı artmağa davam edəcək. Biz ümid edirik ki, iyunun ortalarından bir çox ölkə, ilk növbədə Asiya və Avropa dövlətləri, iyul ayının ortalarından isə Rusiya ilə aviasiya əlaqəsi yenidən başlayacaq” – deyə Mehmet Nuri Ersoy bildirib.

Nazirin sözlərinə görə, Türkiyədə yeni koronavirusa yoluxma halları hər gün azalmaqa davam edir və ölkədə tətbiq olunan məhdudiyyətlər tədricən aradan qaldırılır.

Mehmet Nuri Ersoy Türkiyəyə gələnə qədər 72 saat ərzində COVID-19 infeksiyasına qarşı analiz verməyən sərnişinlərin aeroportlarda koronavirus testindən keçiriləcəyini deyib. “Biz ən çox turist axını müşahidə edilən hava limanlarında diaqnostika mərkəzləri açmışıq. Burada son 72 saat ərzində testdən keçməyən qonaqlardan analiz alınacaq”, - deyə Türkiyənin Mədəniyyət və Turizm naziri qeyd edib.