04 May 2024
"Tovuzdakı təxribatın arxasında Kreml və Koçaryan var" - AÇIQLAMALAR

"Tovuzdakı təxribatın arxasında Kreml və Koçaryan var" - AÇIQLAMALAR

24 İyun 2021
Baxış: 819

"Ermənistanda parlament seçkisindən və Nikol Paşinyan qələbə qazandıqdan sonra Azərbaycanla sərhəddə ilk insident yaşandı. Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 24-də Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub".

AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu öz sosial şəbəkə hesabında yazıb.

E.Şahinoğlu bildirib ki, bu təxribatın arxasında Robert Koçaryan ola bilər:

"Nikol Paşinyan bilməmiş deyil ki, Azərbaycan ordusunun istənilən təxribata tutarlı cavabı olub və olacaq. Bu, Paşinyan üçün əlavə problemlər yaradacaq. Yeni problemlər onun nəyinə lazımdır? Yox əgər Ermənistan ordusu içərisində təxribatçılar varsa və həmin təxribatçılar Robert Koçaryan kimi qatillərin gizli tapşırıqlarını yerinə yetirirlərsə, buna görə də Paşinyan məsuliyyət daşıyır və daşıyacaq".

Digər politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Ermənistanda revanşistlərin Rusiyanın köməyi ilə hakimiyyətə gəlmək planları hələ də qüvvədədir:

"Ermənistanla sülh müqaviləsinin imzalanması bir neçə il çəkəcək. Çünki Ermənistan bu sülh müqaviləsinə hazır deyil. Ümumiyyətlə, bu ölkədə parlament də revanşitslərin təmsil olunması, fürsət gözləyib, Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlmək planları qüvvədədir. N. Paşinyan prezident üsul-idarəsinə keçid edib, səlahiyyətləri prezident olaraq götürsə, parlamentdə R. Koçaryanın qruplaşmasını zərələşdirsə, sülh mümkün ola bilər".

M.Əsədullazadə Ermənistan ordusunda Rusiyanın təsir gücünün hələ də qaldığını qeyd edib:

"Ermənistan ordusunda Rusiya dərin kök salıb və Paşinyanın ölkəni yenidən qurması üçün bu qüvvələri neytrallaşdıracaq. Qeyd edim ki, Ermənistanın sərhəddə təxribatları Azərbaycanı narahat etməməlidir. Azərbaycan qalibdir və baş verən bu təxribatlar N.Paşinyan və erməni əhalisinin ziyanınadır. Bu təxribatların başında Kreml və R. Koçaryana bağlı hərbçi və siyasilər durur".