04 May 2024
Sinqapur universitetinin mütəxəssisləri koronavirus pandemiyasının başa çatacağı tarixi proqnozlaşdırıblar

Sinqapur universitetinin mütəxəssisləri koronavirus pandemiyasının başa çatacağı tarixi proqnozlaşdırıblar

28 Aprel 2020
Baxış: 477

Sinqapur Texnologiya və Dizayn Universitetinin mütəxəssisləri süni intellektdən istifadə edərək COVID-19 koronavirusu pandemiyasının bir sıra ölkələrdə başa çatacağı tarixi hesablamağa nail olublar.

AZƏRTAC “Dnaindia” saytına istinadla xəbər verir ki, universitet alimlərinin proqnozlarına görə təqribən mayın 21-nə Hindistanda pandemiya təxminən 97 faiz bitəcək. Nəzərə almaq lazımdır ki, proqnozlar 2020-ci il aprelin 24-dək olan məlumat bazası əsasında tərtib edilib.

Müvafiq məlumatların hesablanması üçün “Meyillilər-yoluxanlar-sağalanlar” (SIR) modeli müxtəlif ölkələr üzrə geriləmə göstəriciləri əsasında yaradılıb və planetdə pandemiya dövrlərinin əsas tarixlərini qiymətləndirməyə kömək edir. Bu model “Our World in Data” və “Milan Batista” məlumat bazalarından istifadə edilməklə xəstəliyin başa çatması ehtimal olunan tarixi proqnozlaşdırmaq məqsədilə xəstəliyin yayılma dərəcəsinin hesablanması üçün SIR kəmiyyətini modelləşdirir. Saytda qeyd olunur ki, dəyərləndirmələr gündəlik yenilənir, bütün analizlər və proqnozlar yalnız öyrənmə və tədqiqat xarakteri daşıyır.

Universitetdə, həmçinin ayrı-ayrı ölkələrdə və bütün dünyada COVID-19 pandemiyasının başa çatmasının təqribi tarixini hesablayıblar. Məsələn, Sinqapurun özündə COVID-19 virusunun yayılması mayın 5-dən başlayaraq azalacaq və iyunun 4-dək 97 faiz sona yetəcək.

ABŞ-da pandemiyanın 97 faizinin səngiməsi tarixi mayın 11-də, İtaliyada təqribən mayın 7-də gözlənilir. Tədqiqatlar, həmçinin pandemiyanın İranda mayın 10-da, Türkiyədə mayın 15-də, Böyük Britaniyada mayın 9-da, İspaniyada mayın əvvəlində, Fransada isə mayın 3-də başa çatacağınıgöstərir. Almaniyada bu tarix aprelin 30-na, Kanadada isə mayın 16-na müəyyən edilib.

Hesablamalar göstərir ki, bütövlükdə pandemiya dekabrın 8-dək başa çatacaq

Teqlər: Sinqapur