04 May 2024
Səfər Mehdiyev Prezidentin iradəsinə qarşı çıxır? — Gömrük əməkdaşı sərxoş halda saxlanıldı (FOTOLAR)

Səfər Mehdiyev Prezidentin iradəsinə qarşı çıxır? — Gömrük əməkdaşı sərxoş halda saxlanıldı (FOTOLAR)

02 Fevral 2022
Baxış: 1627

Dövlət Görmük Komitəsinin gənc əməkdaşı, salyanlı iş adamı Oqtay Abuzərlinin oğlu Xalid Abuzərli Yol Polisi əməkdaşları tərəfindən içkili vəziyyətdə saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Xalid Abuzərli 9 iyun 2021-ci il tarixində Yasamal rayonu ərazisində içkili halda saxlanılıb və 400 manat məbləğində cərimələnib.

Məlumata görə, Xalid Abuzərli 99-LJ-900 dövlət nömrə nişanlı son model “Toyota Camry” avtomobili ilə dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Prezident İlham Əliyev imkanlı şəxslərin, məmur övladlarının özbaşınalıqlarına son qoyulması barədə dəfələrlə xəbərdarlıqlar edib:

“Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Ancaq görünür, bir çoxları Prezidentin xəbərdarlıqların nəticə çıxarmaq niyyətində deyil.

Qeyd edək ki, Demokrat.az saytında Xalid Abuzərlinin təm-təraqlı və harın həyat tərzi ilə bağlı dəfələlərlə materiallar dərc olunub.

Hətta, Xalid Abuzərlinin özünün sosial şəbəkələrdə paylaşdığı bahalı maşınlar (hamısı eyni nömrə ilə) və eyş-işrət dolu həyat tərzi ilə bağlı yanvar ayının 17-də Dövlət Gömrük Komitəsinə sorğu da göndərilib. Çox təəssüf ki, Gömrük Komitəsi 2 həftə ərzində susmağa üstünlük verib.

Komitənin mətbuat katibi Natiq Axundovla dəfələrlə əlaqə saxlanılsa da, o, müxtəlif üsullarla sorğuya cavab verməkdən yayınıb. Belə çıxır ki, Gömrük Komitəsinin rəhbərliyi harın həyat tərzi keçirən Xalid Abuzərlinin qarşısında aciz qalıb. Yaxud da Xalid Abuzərlinin atası Oqtay Abuzərli ilə Komitə arasında hansısa “dərin münasibətlər” mövcuddur. Əgər belə olmasaydı, Dövlət Gömrük Komitəsinin rəhbərliyi və şəxsən Səfər Mehdiyev Dövlət başçısının iradəsinə qarşı çıxmazdı və qaydaları pozan, içkili halda maşın idarə edən əməkdaşını cəzalandırardı.