04 May 2024
Rusiyada fəaliyyət göstərən “Nevınnomısskiy” ət kombinatından toyuq dərisi məhsulunun ölkəmizə idxalına məhdudiyyət qoyulub

Rusiyada fəaliyyət göstərən “Nevınnomısskiy” ət kombinatından toyuq dərisi məhsulunun ölkəmizə idxalına məhdudiyyət qoyulub

21 Avqust 2021
Baxış: 671

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AJM-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “Stavropolskiy broyler” MMC-nin “Nevınnomısskiy” ət kombinatı filialı tərəfindən istehsal olunan, mayın 11-də “Hereti Bottling Company” MMC, mayın 13-də isə “AzFood Company” MMC tərəfindən ölkəmizə idxal edilən (ümumi çəkisi 37 min 842,88 kiloqram ) quşçuluq məhsulunda (toyuq dərisi) mikrobioloji (Salmonella <25 g) göstəricilərin yol verilən həddən çox olduğu aşkarlanıb.

Faktla əlaqədar qanunvericiliyin tələbləri çərçivəsində qərar qəbul edilib. Yüksək riskli müəssisə kimi istehsalçı və idxalçı müəssisələrin bütün idxal partiyaları laborator müayinələrə cəlb olunub.

Növbəti dəfə avqustun 10-da Rusiya Federasiyasında fəaliyyət göstərən “Stavropolskiy broyler” MMC-nin “Nevınnomısskiy” ət kombinatı filialı tərəfindən istehsal olunan və “AzFood Company” MMC tərəfindən ölkəmizə idxal edilən (ümumi çəkisi 19 min 135,23 kiloqram) quşçuluq məhsulundan (toyuq dərisi) nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulun mikrobioloji (Salmonella <25 g) göstəricilərinin yol verilən həddən çox olduğu aşkar edilib.

Aşkar olunmuş faktla əlaqədar qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib, məhsulun idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Məsələ ilə əlaqədar Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumatlandırılıb.

Qeyd edək ki, daha əvvəl də aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar həmin müəssisədən məhsulların ölkəmizə idxalına müvəqqəti məhdudiyyət qoyulub və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin zəmanəti əsasında keçən il noyabrın 18-də həmin məhdudiyyət aradan qaldırılıb.

Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində davamlı tədbirlər görür.

Teqlər: Rusiya