04 May 2024
Qan donoru: “Ömrümün sonuna qədər bu missiyanı davam etdirməyi düşünürəm”

Qan donoru: “Ömrümün sonuna qədər bu missiyanı davam etdirməyi düşünürəm”

15 Mart 2023
Baxış: 305

Qan bizə hər zaman lazım olan təbii amildir. Ölkəmizdə qanazlığından əziyyət çəkənlər az deyil. Bəzilərində bu xəstəlik irsidir, bir çoxlarında isə sonradan yaranıb.

Qan xəstələrinə yardım edən donorlarımız da var. 23 dəfə qan verib, 50 insanın həyatını qurtaran Sərdar Yusifoğlu sosial şəbəkədə qan xeyriyyəçisi kimi tanınır.

Qan donoru Sərdar Yusifoğlu öz fikirlərini AJMEDİA.İNFO-ya bildirib.

Onun sözlərinə görə, vaxtilə o, özü də qanazlığından əziyyət çəkib:

“Əslində mən uşaq yaşlarımdan qanazlığından əziyyət çəkmişəm. Daha sonra müalicələr nəticəsində sağaldım. Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa qan donoru olaram”.

S.Yusifoğlu ilk dəfə 2009-cu ildə qan verdiyini söyləyib:

“İlk dəfə 2009-cu ildə qan verdim. Sonradan bu, mənim üçün mütəmadi hal aldı. Qan verən adam gərək sağlam olsun, ağır əməliyyat keçirmiş olmasın. Qan donorluğu aktivliyimə 2019-cu ildə başladım. Bundan sonra ehtiyacı olan insanlara qan xeyriyyəçiliyi edək.

İlk dəfə qan verəndə mən də düşünürdüm ki, ziyanı ola bilər. Sonradan gördüm ki, elə deyil. Dostlarımı da təşviq etdim. Qana ehtiyacı olan çox insanlar var idi. Çalışdım ki, yardım edim”.

Qan donoru ən çox uşaqlara donorluq etdiyini qeyd edib:

“Sonuncu dəfə noyabrın 23-də xərçəng xəstəliyindən əziyyət çəkən şəxsə qan vermişəm. Pandemiyadan öncəki dövrlərdə ildə 4 dəfə qan verirdim. Əsasən 6-13 yaş arasında olan uşaqlara qan vermişəm.

İnsanın özünün qana ehtiyacı olmayanda, qana ehtiyacı olan insanları tam dərk edə bilmir. Sonradan gördük ki, qan sülhməramlıları sayılırıq. İnsanların həyatını qoruyuruq. İnsanlar bilsinlər ki, ehtiyacı olan çoxdur. Qan verməyimiz xeyir işdir. Ömrümün sonuna qədər bu missiyanı davam etdirməyi düşünürəm”. /oxu.az