03 May 2024
Prezidentin ötən gün təltif etdiyi yəhudi iş adamı Qod Nisanov kimdir? - MARAQLI MƏLUMATLAR

Prezidentin ötən gün təltif etdiyi yəhudi iş adamı Qod Nisanov kimdir? - MARAQLI MƏLUMATLAR

22 Aprel 2022
Baxış: 16269

Prezident İlham Əliyev imzaladığı sərəncamla Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə, Rusiyanın “Kiyevskaya ploşad” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Qod Nisanov “Dostluq” ordeni ilə təltif edilib.

50 illik yubileyini qeyd edən dünya şöhrətli biznesmen dağ yəhudilərinin kompakt yaşadığı Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Ötən əsrin 90-cı ilindən Moskvada yaşayır və Rusiyanın biznes elitasının aparıcı simalarındandır. 2001-ci ildə həmkəndlisi Zarah İliyevlə birlikdə “Moskva” ticarət mərkəzini təsis edən iş adamı “Biskvit” kompaniyasını, “Ukrayna” və “Avropa” otellərini də ərsəyə gətirib. 2005-ci ildən isə “Kiyevskaya Ploşad” Holdinqinin Direktorlar Şurasının sədridir.

Q.Nisanov ziyalı ailəsində böyüyüb başa çatıb və atası Simon Nisanov sovet Azərbaycanının məşhur sənaye müəssisələrindən sayılan Quba Konserv Zavodunda rəhbər vəzifələrdə çalışıb. Ölkə sənayesinin inkişafına önəmli töfhələr verən ata Nisanov hər zaman övladlarını zəhmətə alışdırıb. Bəlkə elə buna görə də Qod Nisanov gənc yaşlarından çalışmağa, çətinliklərə rəğmən ciddi uğurlar qazanmağa müvəffəq olub. 18 yaşından biznes fəaliyyətinə başlayan iş adamının həyatı heç də kənardan göründüyü kimi, asan olmayıb.

Qod Nisanov Rusiyada Qarabağ həqiqətlərinin yayılması, Azərbaycan diasporunun inkişafı istiqamətində də mühüm işlər görüb. Təsadüfi deyil ki, 2020-ci ilin iyul ayında Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisində törətdiyi təxribatlar zamanı onun rəhbəri olduğu “Food City” bazarında ermənilərin satdığı məhsullar boykot olunub və bu barədə danışıq üçün gələn Ermənistan səfirliyinin nümayəndələri qəbul edilməyib. 44 günlük vətən müharibəsində isə şəhid və qazi ailələri, vətən müharibəsi iştirakçılarına çoxsaylı yardımlar edib.

Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun fəallarından olan Nisanov Moskvada və Rusiyanın digər şəhərlərində ölkəmizlə bağlı keçirilən mədəni, multikultral tədbirlərin də əsas təşkilatçılarından biridir. Azərbaycanlı gənclərin təhsil alması, biznes dünyasına təşviq edilməsi, Rusiya elitasına çıxarılması istiqamətində də ciddi addımlar atıb. Məhz elə bu səbəbdən də Rusiyaya üz tutan soydaşlarımız onu özünə arxa-dayaq biliblər. Çünki Q.Nisanov hər kəsin problemini öz problemi, qayğısını isə öz qayğısı kimi qəbul edir. Təvazökarlığı, təşəbbüskarlığı ilə milyonların rəğbətini qazanan həmyerlimiz eyni zamanda doğma Qırmızı qəsəbənin abadlaşdırılmasında da yaxından iştirak edir.

Azərbaycanda məşğulluğun artırılmasını, iqtisadiyyatın tərəqqisi naminə yoruldum demədən çalışan iş adamı bu məqsədlə müxtəlif sosial layihələr həyata keçirib. Bir zamanlar atasının çalışdığı Quba Konserv Zavodunun bərpa edilməsi, müəssisənin ən müasir avadanlıqlarla təhciz edilməsi, 200-dən artıq insanın işlə təmin olunması, yerli bazara keyfiyyətli məhsullar çıxarması bu qəbildəndir. Mətbuata müsahibəsində biznesmen qeyd edir ki, onun bu zavoddan heç bir maddi marağı yoxdur: “Yalnız bir marağım var. İnsanlar işləsin, ailələrini dolandıra bilsinlər. Hazırda əlavə layihələr üzərində işləyirik”.

Göründüyü kimi, Qod Nisanov fenomenal istedada malik sahibkar olmaqla yanaşı, həm də xalqını, dövlətini sevən, keçmişini unutmayan bir iş adamıdır. Onun bu günə qədər gördüyü işlər, həyata keçirdiyi layihələr bunun bariz nümunəsidir. Cənab Prezident İlham Əliyev Azərbaycanımızın inkişafı yolunda çalışan, səylərini əsirgəməyən soydaşlarımızı hər zaman qiymətləndirib və Qod Nisanovun “Dostluq” ordeni ilə təltif edilməsi də bu qəbildəndir. Bu həm də Azərbaycanın vətənpərvər ziyalılarına verilən layiqli qiymətin və motivasiyanın təzahürüdür.

Həmyerlimiz və yəhudi xalqının dəyərli övladı Qod Nisanovu bu münasibətlə təbrik edir, ona cansağılığı, daha böyük nailiyyətlər və Azərbaycanımızın inkişafı naminə fəaliyyətində uğurlar arzulayırıq!

Teqlər: Qod Nisanov