04 May 2024
Oruc tutan şəxslərin NƏZƏRİNƏ!: Əgər bu xəstəliyiniz varsa...

Oruc tutan şəxslərin NƏZƏRİNƏ!: Əgər bu xəstəliyiniz varsa...

04 Aprel 2023
Baxış: 353

“Bir sıra xəstəlikləri olan şəxslər oruc tutarkən diqqətli olmalıdır”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Sfera.az-a həkim-endokrinoloq Elza Əsgərova deyib. O, qeyd edib ki, həmin şəxslər dərman qəbulu qaydalarına düzgün əməl etməlidirlər, əks halda səhhətlərində ciddi problem yarana bilər:

“Məsələn, zob xəstələri ənənəvi olaraq L-Tiroksin və ya Eutiroks dərmanı qəbul edirlər. Bu dərmanın yaxşı mənimsənilməsi üçün onun acqarına qəbul edilməsi vacibdir. Bunun üçün də həmin dərmanın imsak zamanı, qida qəbulundan yarım saat əvvəl acqarına qəbul edilməsi məqsədəuyğundur. Əgər şəxs bunu həmin vaxt edə bilmirsə, bu zaman iftar vaxtı başlayan kimi 1 stəkan su ilə qəbul edib, ən azı yarım saat gözlədikdən sonra yemək yeməlidir. Əgər bu da mümkün deyilsə, oruc tutan şəxs iftar vaxtı yetişəndə dərhal qida qəbuluna başlayırsa, bu zaman iftarda qida və maye qəbulunu tamamilə dayandırdıqdan 3-4 saat sonra dərmanı qəbul edə bilər. Bütün hallarda dərmanın sovrulması üçün 3-4 saat aclıq mütləqdir və bunu sistemli şəkildə davam etmək lazımdır”.

Mütəxəssis oruc tutmağın şəkərli diabet xəstələrinin sağlamlığı üçün də təhlükə ola biləcəyini bildirib:

“Lakin bu, hər şəkərli diabet xəstəsinə şamil olunmur: Onlar 2 tipə ayrılır: insulindən asılı olan I tip və insulindən asılı olmayan II tip insanlar. İnsulindən asılı olmayan xəstələr də bəzən insulin tələbli olurlar. I tip şəkərli diabet xəstələrinə oruc tutmaq qətiyyən məsləhət görülmür. Gün ərzində 2-3 dəfə insulin qəbulu baş verməzsə, belə xəstələrdə şəkərin düşməsi baş verə, bu isə koma ilə nəticələnə bilər. II tip şəkərli diabet xəstələri isə oruc tutmağa başlamazdan əvvəl həkim-endokrinoloqa müraciət etməli, özlərinin 3 aylıq şəkərini yoxlatdırmalıdırlar. Əgər xəstələrdə qlikohemoqlobin 8-dən aşağıdırsa, bu zaman onlara oruc tutmağa icazə verilir. Bu göstərici 8-dən yuxarıdırsa, həmçinin şəkərli diabet xəstələri öz müayinə və müalicələrinə etinasız yanaşırsa, həmin xəstələrin də oruc tutması onların sağlamlığı üçün təhlükə yarada bilər. Bəzi ürək-qan damar xəstələrinə də oruc tutmaq tibbi cəhətdən məqsədəuyğun deyil”.