05 May 2024
"NATO-nun genişlənməsi bizim üçün təhlükə deyil, nüvə silahı atmayacağıq" - Rusiya GERİ ADDIM ATDI

"NATO-nun genişlənməsi bizim üçün təhlükə deyil, nüvə silahı atmayacağıq" - Rusiya GERİ ADDIM ATDI

08 Aprel 2022
Baxış: 513

“Finlandiya və İsveçin NATO-ya üzv olması Rusiya üçün təhlükə yaratmayacaq”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov “Sky News”a müsahibəsində bildirib.

Peskov qeyd edib ki, sözügedən iki ölkə NATO-ya daxil olarsa, Rusiya vəziyyəti yenidən balanslaşdırmalıdır:

“NATO-nun genişlənməsi Rusiyanın mövcudluğuna təhlükə deyil, bu durumda biz sadəcə olaraq, təhlükəsizliyimizi təmin etmək baxımından qərb cinahımızı daha təkmilləşdirməli olacağıq. Bu halda nüvə silahının tətbiqinə ehtiyac yoxdur”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra İsveç və Finlandiya öz təhlükəsizliklərini təmin etmək üçün NATO-ya üzv olmaq istədiklərini açıqlamışdılar. NATO-nun bu müraciətə necə cavab verəcəyi hələ ki bilinməsə də, hər iki ölkə NATO-nun siyasi və hərbi kriteriyalarına uyğundur. Məlumat üçün bildirək ki, Finlandiyanın Rusiya ilə 1300 km-ə yaxın quru sərhədi var. İsveç isə Baltık dənizi regionunda Rusiyanın qonşusudur.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya müharibə elan edib. Rusiyanın müharibədən öncə Ukraynadan bəzi tələbləri olub. Bunlardan biri də Ukraynanın NATO-ya üzv olmamasıdır. Rusiya rəsmiləri dəfələrlə NATO-nun genişlənməsinin Rusiya üçün təhlükə olduğunu bildiriblər. Ukraynanın Rusiyaya qarşı mümkün hərbi əməliyyatlarda tramplin rolunu oynayacağından narahat olduqlarını qətiyyətlə vurğulayıblar. Peskovun bu açıqlaması isə “Rusiyanın geri addım atıb?” sualının verilməsinə səbəb olub.(Konkret.az)