04 May 2024
Malayziya Kralı yeni Baş nazir vəzifəsinə İsmail Sabri Yakobu təyin edib

Malayziya Kralı yeni Baş nazir vəzifəsinə İsmail Sabri Yakobu təyin edib

21 Avqust 2021
Baxış: 773

Malayziyanın Ali hökmdarı – Kral Abdulla Əl-Mustafa Birləşmiş Malay Milli Təşkilatının (yeni OMNO) vitse-prezidenti İsmail Sabri Yakobu Baş nazir vəzifəsinə təsdiq edib.

AJM xəbər verir ki, bu barədə Kral sarayı administrasiyası məlumat yayıb.

Avqustun 21-də onun Malayziyanın doqquzuncu Baş naziri kimi and içəcəyi bildirilir. Qeyd edilir ki, Ali hökmdar bu təyinatın siyasi böhrana son qoyacağına, bütün deputatların siyasi iddialarından əl çəkəcəyinə, ölkənin və xalqın mənafeləri naminə koronavirus pandemiyasına qarşı mübarizədə birləşəcəyinə ümid edir. Məlumatda bildirilir ki, ölkənin səhiyyə sahəsində qarşılaşdığı ciddi problemlər və iqtisadi tənəzzül dövründə cəmiyyət uzun müddət davam edən siyasi böhrandan əziyyət çəkməməlidir.

Parlamentin əksəriyyətinin dəstəyini qazanan İsmail Sabri Yakob əvvəlki hökumətdə müdafiə naziri və Baş nazirin müavini vəzifələrini tutub. Həmçinin koronavirus pandemiyasına qarşı mübarizəyə rəhbərlik edib. Buna görə də, bir çoxu onun infeksiyanın qarşısını almağa və iqtisadiyyatı dirçəltməyə nail ola biləcəyinə inanmır.

Xatırladaq ki, sabiq Baş nazir Muhiddin Yassin parlamentin əksəriyyətinin dəstəyini itirdiyinə görə, avqustun 16-da istefa verib. Malayziya Konstitusiyasına əsasən, Kral parlamentin əksəriyyəti tərəfindən dəstəklənən namizədi Baş nazir vəzifəsinə təsdiq edə bilər. Əks halda, Ali hökmdar parlamenti buraxmalı və 60 gün ərzində yeni ümumi seçkilər təyin etməlidir. Lakin indiki pandemiya dövründə seçkilərin təyini məqsədəuyğun hesab edilmir.