05 May 2024
Kadidən “Qarabağ”a müəmmalı VİDA MESAJI...

Kadidən “Qarabağ”a müəmmalı VİDA MESAJI...

16 Yanvar 2023
Baxış: 377

“Qarabağ”dan ayrılaraq Rusiyanın “Krasnodar” klubuna transfer olunan Kadi Borges Ağdam təmsilçisinin azarkeşləri ilə vidalaşıb.

AJMEDİA.İNFO xəbər verir ki, 26 yaşlı braziliyalı bu barədə instaqram hesabında yazıb:

“Hər şey bir gün başa çatır, başqa bir səhnə qapanır. Demək istədiyim hər şeyi yazsam, sətirlər yetərsiz olacaq. Çünki Azərbaycanda yaşadıqlarım həyatımda indiyədək ən çılğın və ən gözəl şeylərdən idi.

Klub üçün mübarizə apardığım dövrlərdə mənə verdiyi dəstəyə, yanımda olan oyunçulara və “Qarabağ”ın bütün heyətinə ürəkdən təşəkkür edirəm.

Gələn Kadini yeni Kadiyə çevirməyi bacardığınız üçün istisnasız olaraq hər birinizə təşəkkür edirik.

Klubdan 74 oyunda 28 qol, 28 məhsuldar ötürmə, Premyer Liqa və ölkə kubokunun qalibi, mövsümün bombardiri, mövsümün ən yaxşı oyunçusu olaraq ayrılıram.

Təsəvvür etmədiyim şəkildə məni qucaqlayan azarkeşlərə də xüsusi təşəkkürümü bildirirəm. Siz bizim ailə üçün bənzərsiz idiniz. Bu gün karyeramda yeni bir çağırışa və fəslə keçirəm, hər gün məni təəccübləndirdiyi üçün Allaha şükür edirəm, onsuz bunların heç birinin mümkün olmadığına əminəm.

“Qarabağ”a, azarkeşlərinə sevgi və sonsuz ehtiramımı bildirirəm, hamınıza uğurlar arzulayıram. Yenidən görüşmək üzrə, vida olmayacaq. Sevgi ilə Kadi. Nuş olsun!”.

Qeyd edək ki, Kadi “Qarabağ”da çıxış edərkən lentə alınan videolarda azərbaycanca “Nuş olsun” sözündən istifadə edirdi.

Onu da əlavə edək ki, Kadi vida mesajının sonunda müəmmalı xüsusi qeyd də yazıb. O bildirib ki, “Qarabağ”dan getməyi ilə bağlı hər şeyi bir gün izah edəcək və əslində, nə baş verdiyini danışacaq.

Xatırladaq ki, 26 yaşlı futbolçu “Krasnodar”la 2026-cı il iyunun 30-dək müqavilə imzalayıb. Bu transfer Ağdam klubuna 5 milyon dollar qazandırıb.