04 May 2024
İspaniya mətbuatı Şərqdə ilk Demokratik Respublika barədə məqalələr dərc edib

İspaniya mətbuatı Şərqdə ilk Demokratik Respublika barədə məqalələr dərc edib

28 May 2020
Baxış: 395

İspaniyanın nüfuzlu “Diplomat in Spain”, “Patrimonio Actual” internet portallarında 28 may tarixində Azərbaycanda Respublika Gününün qeyd edilməsi ilə bağlı məqalələri dərc olunub.

AJM xəbər verir ki, məqalələrdə qeyd olunur ki, bu tarix 28 may 1918-ci il tarixində Şərqdə ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edilməsi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq dövr ərzində demokratik, dünyəvi və parlamentli respublika dəyərləri rəhbər tutulmuş, etnik mənsubiyyətindən, dinindən, sosial statusundan və cinsindən asılı olmayaraq bütün vətəndaşların siyasi və mülki hüquqları təmin edilib, Şərqdə ilk dəfə, bir çox Qərbi Avropa dövlətlərindən və Amerika Birləşmiş Ştatlarından daha əvvəl, Azərbaycan Xalq Cümhuriyyətində qadınlar seçki hüququna malik olublar.

Yazılarda bildirilir ki, Azərbaycanda dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Azərbaycan dili rəsmi dövlət dili elan edilib, ölkənin himni, bayrağı və gerbi təsis olunub, Azərbaycan Milli Ordusu yaradılıb.

Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qalıb, özünü Cümhuriyyətin siyasi və mənəvi varisi elan edib. Müstəqilliyin ilk illərində Azərbaycan Respublikası daxili və xarici siyasətdə ağır vəziyyətlə üzləşib, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticəsi kimi Azərbaycan Respublikası ərazisinin 20 faizi Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Ölkənin bu cür ağır vəziyyətlə üzləşdiyi bir dövrdə, Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev 1993-cü il iyun ayının 15-də yenidən hakimiyyətə qayıdıb, Ulu Öndərin müdrik və uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə qısa müddət ərzində sabitlik və tərəqqiyə nail olunaraq 1994-cü ildə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs əldə edilib.

Heydər Əliyevin prezidentliyi dövründə (1993-2003) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatların gündəliyinə daxil edilib, bunun məntiqi nəticəsi olaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 4 qətnamədə (822, 853, 874, 884) Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı qınanıb, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinin vacibliyi bir daha təsdiq edilib, işğal edilmiş bütün Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub.

Diqqətə çatdırılır ki, Azərbaycan xalıqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda bütün sahələri əhatə edən çoxşaxəli islahatlar, həyata keçirilən tədbirlər Azərbaycan xalqının mənafeyinə, Azərbaycanın qüdrətinin artmasına və daha da çiçəklənməsinə xidmət edir.

Məhz Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq və regional layihələrin əsas təşəbbüskarı və iştirakçısı kimi çıxış edir, hazırda iqtisadi inkişafın sürətinə görə lider ölkələrdən biri hesab olunur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş qlobal təşəbbüslər müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təqdir edilərək yüksək qiymətləndirilir, Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul edilir.