05 May 2024
“İran xalqını parçalaya bilməyəcəksiniz” – Rəisidən ABŞ-a SƏRT İTTİHAM

“İran xalqını parçalaya bilməyəcəksiniz” – Rəisidən ABŞ-a SƏRT İTTİHAM

28 Dekabr 2022
Baxış: 397

İran prezidenti İbrahim Rəisi ABŞ və Qərb ölkələrini ittiham edib.

AJMEDİA.İNFO bildirir ki, o, bununla bağlı Tehranda İran-İraq müharibəsinin veteranları ilə görüşündə danışıb. Prezident qeyd edib ki, ABŞ şayiələr və dezinformasiya yaymaqla İranda hökumət əleyhinə etirazları qızışdırır.

“İslam inqilabının düşmənləri yalan yaymaqla öz məqsədlərinə nail ola və İran xalqını parçalaya bilməyəcəklər. Gənclər bizim övladlarımızdır, aldananların hamısı vətənin qucağına alınacaq, satqınlara isə rəhm olmayacaq”, - deyə Rəisi bildirib.

Prezidentin sözlərinə görə, sentyabrın ortalarında İranda baş vermiş iğtişaşların təşkilində münafiqlər, monarxistlər və əksinqilabçılar, yəni İslam Respublikasına qarşı çıxanların hamısı iştirak edib.


Qeyd edək ki, ABŞ dekabrın 26-da İranı bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırıb. Dövlət Departamentinin sözçüsü Ned Prays “söhbət İranda öz azadlıqlarını dinc yolla müdafiə etdikləri üçün həbs edilən bütün insanlardan gedir”, deyə söyləyib. İran prokurorluğunun son məlumatına görə isə, Tehranda əvvəllər polis və təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan nümayişçilərin 83%-i hakimiyyət orqanları tərəfindən azad edilib.

Xatırladaq ki, İranda iğtişaşlar sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin öldürülməsindən sonra başlayıb. Rəsmi versiyaya görə, polis Əmini çadranı düzgün geyinmədiyi üçün saxlayıb. Dindirilmə zamanı o, infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb. Oktyabrın 7-də İranın Ədliyyə Tibb Təşkilatı qızın ölüm səbəbi ilə bağlı rəsmi məlumat yayıb və onun xəsarət almadığını bildirib.(sfera.az)