04 May 2024
İran Avropa İttifaqı ölkələrinə “müharibə elan etdi” – “Gərginlik artacaq...”

İran Avropa İttifaqı ölkələrinə “müharibə elan etdi” – “Gərginlik artacaq...”

23 Yanvar 2023
Baxış: 344

İran Avropa İttifaqı (Aİ) ölkələrinin ordularını terror təşkilatı kimi tanıyacaq.

Bu barədə İran XİN başçısı Hüseyn Əmir Abdullahian öz sosial şəbəkə hesabında məlumat verib.

Maraqlıdır, Aİ ölkələri bu açıqlamaya adekvat hansı addımı ata bilərlər? Bununla İran özünə qarşı yeni cəbhənin açılmasına rəvac verməklə nəyə nail olmaq istəyir?

AJMEDİA.İNFO xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Ceyhun Məmmədov İran və Aİ arasındakı münasibətlərin zamanla daha da gərginləşəcəyini deyib. C.Məmmədov İranın bu mövzuda radikal olmamasının onun dövlət olaraq xeyrinə olduğunu qeyd edib:

“Görünən odur ki, bu gün İran və Avropa İttifaqı münasibətləri gərginləşməkdə davam edir. Məlum olduğu kimi, Aİ İranla bağlı çox sərt qərarlar qəbul edib və bu ölkənin müəyyən dövlət qurumlarına sanksiyalar tətbiq olunub. Eyni zamanda İranın Silahlı Qüvvələri ilə bağlı da bir sıra qərarlar verilib. İran da buna cavab olaraq Aİ-yə qarşı münasibət sərgiləyir. Ümumilikdə isə hesab edirəm ki, münasibətlərin gərginləşməsi tərəflərin maraqlarına uyğun deyil. Xüsusilə İran münasibətlərin daha da gərginləşməməsində maraqlı olmamalıdır. Əlbəttə bu, İranın daxili işidir, amma hesab edirəm ki, İranın bu mövqeyi ilə ikitərəfli münasibətlər daha da gərginləşəcək və İrana tətbiq olunan sanksiyaların sayı da artacaq”.

Millət vəkili Aİ-nin sanksiyalarının İranın daxili məsələlərinə də mənfi təsir edəcəyini vurğulayıb:

“Görünən odur ki, İran münasibətlərin gərginləşməsindən çəkinmir və bu istiqamətdə addımlar atır. Hesab edirəm ki, qarşılıqlı əlaqələr üçün belə qərarların verilməsi tərəflərin xeyrinə deyil. Bu gün İranın bir sıra Avropa ölkələri ilə sıx əlaqələri var və bu əlaqələrin qorunması hər iki tərəf üçün müsbət haldır. Sanksiyaların tətbiqi heç şübhəsiz ki, İranın daxilindəki proseslərə mənfi təsirsiz ötüşməyəcək”.