04 May 2024
"İlham Əliyev Rusiyaya qarşı Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək üçün səfərbər olub” - Rəsul Quliyev

"İlham Əliyev Rusiyaya qarşı Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək üçün səfərbər olub” - Rəsul Quliyev

23 Fevral 2022
Baxış: 1497

“Prezident Əliyev Putinin Ukrayna torpağının bir hissəsini işğal etməklə dünyada yaranmış çox təhlükəli (vizual görünməməsinə baxmayaraq) vəziyyətdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və daha da möhkəmləndirmək üçün çox ciddi və tarixi addımlar atır. Prezident Əliyevin Putinlə görüşdə (əgər diqqətlə baxsanız) necə həyacanlı olduğunu görməmək mümkün deyildir. İnsanın belə demək mümkünsə, bütün hüceyrələri, bədən dili Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək üçün səfərbər olub…”

AJMEDİA.İNFO Konkret.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sabiq sədri Rəsul Quliyev deyib.

Siyasətçi Rusiya ilə imzalanmış bəyənnamənin Azərbaycan üçün əhəmiyyətini vurğulayıb:

Bütövlüklə imza atılmış bəyannamə tərəflərə ordan çıxmağa imkan verir. Bəyannamə daha çox “arzu edilir” stilində yazılıb. Bir növ tövsiyə xarakterli məzmun təsiri bağışlayır. Bu da öz növbəsində çox yaxşı haldır. Ermənistanla əlaqədar bəndlər isə olduqca təqdirə layiqdir. Ancaq Rusiya 300 ildir (yəni yaranandan bu günə qədər) Rusiyadır. O, verdiyi sözü istənilən vaxt pozub, aqressiya ilə məşğul ola bilər. Azərbaycanın yanında onu hətta virtual dəstəkləyə biləcək ölkələr yoxdur”.

R.Quliyev Ukrayna məsələsinə də toxunub. Ukraynanın indiki durumunda Rusiya qədər ABŞ və Avropanın da rolunu xüsusi vurğulayıb:

“ABŞ və Avropa Ukraynanı dəstəkləyir və Rusiya Ukraynanın bir hissəsini işğal edir. Bu, necə dəstəkdir?! Prezident Zelenski artıq 1 ildir Qərbdən hava hücumundan müdafiə sistemləri və yeni tanklar, uzaq vuran raketlər istəyir. (Hansı ki, 1998-ci ilə qədər Ukrayna nüvə başlıqları daşıyan və 5 min km-ə qədər uçan raketlər istehsal edirdi). Əgər bu silahlar bu gün Ukraynada olsaydı, nə Krım, nə Donbas, nə də Luqansk Rusiyanın təsir dairəsində olmazdı! Heç şübhəsiz ki, Ukraynanın bu vəziyyətə düşməsinin səbəbkarları bu silahları zorla ləğv etdirən ABŞ, Böyük Britaniya və Rusiya olub. Bu gedişatdan belə anlaşılır ki, bu müqavilə ilə Krım və Ukraynanın şərqinin Rusiyaya verilməsi əvvəldən planlaşdırılıb… Əgər belə deyilsə, nə üçün Ukraynaya müasir hava hücumundan müdafiə sistemi vermək əvəzinə 60 il bundan öncə istehsal edilmiş (cəmi 3 km hündürlüyündə təyyarələri vura bilən) stingerləri verirsiniz? Axı bu yazıq Ukrayna artıq 10 dəfədir “biz Rusiyadan qorxmuruq, ancaq silah verin” deyir. Amma nəticə yoxdur…”

“Fikrimcə, dünyada baş verən qeyri-müəyyənliklər fonunda Azərbaycan müstəqilliyini möhkəmləndirmək üçün lazım olan bütün zəruri addımları atmaqdadır. Moskva bəyannaməsi də bu addımlardan növbətisi oldu. Bir sözlə, Azərbaycanın dərrakəli adamları Prezident İlham Əliyevin Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda gördüyü mühüm və tarixi fəaliyyətin mahiyyətini tamlıqla anlayır və dərk edir…”.