04 May 2024
“Havalansın Xanın səsi, Qarabağın  şikəstəsi” adlı videoçarx hazırlanıb

“Havalansın Xanın səsi, Qarabağın şikəstəsi” adlı videoçarx hazırlanıb

21 Avqust 2021
Baxış: 869

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Xan Şuşinskinin 120 illiyi ilə əlaqədar “Havalansın Xanın səsi, Qarabağın şikəstəsi" adlı videoçarx hazırlayıb.

Baş İdarədən AJM -a bildirilib ki, videoçarxda Xan Şuşinskinin sənət dünyasından geniş bəhs olunur.

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan Xan Şuşinski də belə sənətkarlardandır.

Bu gün Azərbaycan muğam sənətinin “Xan”ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşirin anadan olmasından 120 il ötür. 1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açan sənətkar adını milli musiqi tariximizə böyük həriflərlə yazdırmağı bacarıb.

Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.

Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə “Qaragöz”ü dinləməkdən zövq alıb.

Görkəmli xanəndə 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradaraq gənc xanəndələrə muğamın sirlərini öyrədib. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərib.

İsfəndiyar Cavanşirov gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşıyıb, Azərbaycan musiqisinin həqiqi Xanı olub.

Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib.

Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb.

Videoçarxa kitabxananın feysbuk və instaqram səhifələrindən baxmaq olar.