04 May 2024
Ermənistanın Ukraynaya qarşı müharibədə Rusiyaya göndərdiyi yardımın PEYK GÖRÜNTÜLƏRİ - VİDEO

Ermənistanın Ukraynaya qarşı müharibədə Rusiyaya göndərdiyi yardımın PEYK GÖRÜNTÜLƏRİ - VİDEO

01 Aprel 2022
Baxış: 507

Ermənistanın Ukrayna ilə müharibədə Rusiyaya gizli dəstəyi ilə bağlı faktlar ortaya çıxmaqdadır.

AJMEDİA.İNFO xəbər verir ki, İrəvanın Moskvaya hərbi dəstəyi ilə bağlı iddiaların fakt olduğu özünü büruzə verir.

Lakin rəsmi İrəvan bütün bunları hər vəchlə təkzib etməyə cəhd göstərir. Reallıq isə tam başqadır. Ermənistan 4 Su-30 tipli döyüş təyyarəsini pilotlarla birlikdə Ukraynada istifadə olunması məqsədilə Rusiyaya göndərib. “Haber Global” isə bununla bağlı faktları ortaya çıxararaq dünya ictimaiyyətini məlumatlandırıb. Hazırda rəsmi İrəvanın yalnız bir məqsədi var - Rusiyaya hərbi dəstəyini ört-basdır etmək və dünya ictimaiyyətini çaşdırmaq. Ancaq reallıq ortadadır və İrəvanın iddialarının yalan olduğu təsdiqlənir.

Qeyd edək ki, “Haber Global” bu xəbəri dərc etdikdən sonra Ermənistan inkar yolunu seçib. Ölkənin Baş naziri Nikol Paşinyan xəbərin dezinformasiya olduğunu iddia edərək “Təyyarələrimiz heç vaxt torpaqlarımızı tərk etməyib”, - deyib. Peyk görüntüləri isə bunun əksini nümayiş etdirir.

Peyk görüntüləri gerçəyi ortaya çıxarıb

Martın 18-də çəkilmiş peyk görüntülərinin birincisində Ermənistandakı hərbi hava bazasında 4 SU-30 tipli döyüş təyyarəsi görünüb.

Martın 25-də isə təyyarələr yoxa çıxıb

Martın 25-də çəkilən ikinci görüntüdə isə eyni məkanda fərqli mənzərə olub. Bu yeni görüntülərdə Rusiyaya göndərilən Su-30 təyyarələri yoxdur. Onların olduğu yerdə MİQ-29 qırıcıları var.

Ermənistan Su-30-ları nə vaxt alıb?

Su-30-lar F-14 və F-15 qırıcıları ilə rəqabət aparmaq üçün istehsal olunublar. Ermənistan Hərbi Hava Qüvvələrinin arsenalını gücləndirmək üçün 2019-cu ildə Rusiyadan 4 ədəd Su-30 sifariş verib. Tədarük 2020-ci ilin may ayında gerçəkləşdirilib.

Ermənistan təyyarələri heç istismar etmədən Rusiya Ordusunun xidmətinə təhvil verib. Erməni pilotlarla Ukrayna müharibəsi üçün Rusiyaya reaktiv təyyarələr göndərilib.

Rusiyaya daşınma güzərgahı

Təyyarələr martın 23-də Rusiyaya göndərilib. Onların yola çıxma məntəqəsi İrəvandakı Erebuni hava limanı olub. Erməni pilotların istifadə etdiyi 4 Su-30 qırıcı təyyarəsi yerli vaxtla saat 12:50-də yola düşüb. Göyçə mahalındakı Aşağı Qaranlıq şəhərindən keçən təyyarələr saat 13:14-də son dayanacağa – Rusiyaya çatıblar.

Peyk fotofaktları da bu daşınmanı sübut edib

Beləliklə, Ermənistan öz təyyarələrini və pilotlarını Rusiya ordusunun sərəncamına verməklə Ukraynaya təcavüzün şəriyi və Rusiyanın başladığı müharibənin tərəfinə olub. Ermənistan da Rusiya kimi Qərbin sanksiyalarının hədəfinə çevrilmək riski altındadır.

“Haber Global”ın xəbəri dünyada əks-səda doğurub

“Haber Global”ın açıqladığı bu olay beynəlxalq mətbuatda böyük əks-səda doğurub. Moskva və İrəvan arasında münasibətlərdə anlaşılmazlığa səbəb olub. Məxfi bilgilərin mətbuata sızması Ermənistanı Rusiya qarşısında çıxılmaz vəziyyətə salıb. İki ölkə arasında diplomatik gərginlik yaranıb.

Suriyadan təyyarə gətiriblər, ancaq həqiqət ortaya çıxıb

Ermənistan inventarındakı təyyarə boşluğunu doldurmaq və hadisəni ört-basdır etmək üçün Suriyadan tələsik 4 Su-30 tipli döyüş təyyarəsi gətirib. Belə ki, Ermənistana məxsus təyyarələrin heç vaxt ölkəni tərk etmədiyi görüntüsü yaratmağa cəhd edilsə də, peykdən çəkilmiş şəkillər bu təkzibi iflasa uğradıb. Görüntülər heç bir şübhə yeri qoymayıb, Ermənistanın isə dünya ictimaiyyətinə yalan danışdığı üzə çıxıb.

Ermənistan sanksiya riski ilə üz-üzədir

İllərdir Cənubi Qafqazda işğal siyasəti yürüdən Ermənistan hazırda Ukraynanın işğalını dəstəklədiyi halda bütün bu hadisələr İrəvanın regional sülhə deyil, münaqişəyə xidmət etməsinə zəmin yaradıb. İndi bütün gözlər Qərbin reaksiyasındadır. Sual yaranır: dünya buna göz yumacaq, yoxsa Ermənistanı öz əməllərinə görə məsuliyyətə cəlb edib, sanksiyalar tətbiq edəcək?

(report.az)