04 May 2024
Deputatlar millət vəkili Vahid Əhmədovu SƏRT TƏNQİD ETDİLƏR - SƏBƏB

Deputatlar millət vəkili Vahid Əhmədovu SƏRT TƏNQİD ETDİLƏR - SƏBƏB

25 Aprel 2023
Baxış: 328

“Bu yaxınlarda həmkarımız Vahid Əhmədov mətbuatda xoşagəlməz müsahibə verib. Bloqerin suallarının təsiri altına düşən həmkarımız dövlətin həyata keçirmiş olduğu fundamental məsələlərə şübhə toxumu səpməyə çalışıb”.

AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

“Məni narahat edən millət vəkilinin Azərbaycan dövlətçiliyinə təhdidləri, qərəzli münasibətləridir”, - deyə deputat əlavə edib.

Millət vəkili Razi Nurullayev də Vahid Əhmədovu tənqid edib: “Vahid Əhmədovun tərbiyəsiz bir şəxsə müsahibə verməsini, orada deputatların aşağılanmasına rəvac verməsini şiddətlə qınayıram. Onun bu müsahibəsini və fikirlərini Parlamentə və onun deputatlarına qarşı açıq-aydın təhdid kimi qiymətləndirirəm.

O tərbiyəsiz şəxs bir neçə ay öncə parlamentin önündə video çəkib göstərmişdi. Bu, açıq-aydın ən eybəcər təhqirdir. Belə çıxır ki, deputat Vahid Əhmədov da onunla razıdır. Bu gündən Vahid Əhmədovu onun təhqir, təhdid və şantaj şəriki sayıram”.

Qeyd edək ki, bir neçə gün əvvəl V.Əhmədov bloqer Mehman Hüseynova müsahibə verib. O, müsahibəsində parlamentdə və cəmiyyətdə bir sıra neqativ hesab etdiyi hallara toxunub.

***

Müzakirələrdən sonra Vahid Əhmədov İntizam Komissiyasına verilib. Bunu deputatların təklifindən sonra Milli Məclisin spikeri Sahibə Qafarova təsdiqləyib.

“Bəli İntizam Komissiyası məsələ ilə məşğul olsun”, - deyə spiker vurğulayıb.(Qafqazinfo)