05 May 2024
Danimarka əvvəl nəzərdə tutduğundan daha çox borc almağa məcbur olacaq

Danimarka əvvəl nəzərdə tutduğundan daha çox borc almağa məcbur olacaq

31 Avqust 2020
Baxış: 1276

Danimarka hökuməti əvvəl nəzərdə tutduğundan daha çox borc pul götürməyə məcbur olacaq. Çünki müvəqqəti dayandırılan vergi borcları və iqtisadiyyatın stimullaşdırılması üçün görülən tədbirlərə xərclənən vəsait dövlət maliyyəsi üçün ağır yükə çevrilir.

AJM “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Danimarkanın Maliyyə Nazirliyi may ayındakı 294 milyard kron dəyərləndirmə ilə müqayisədə bu il ölkənin əlavə maliyyələşdirilmə tələbatının 374 milyard kron (təqribən 60 milyard dollar) təşkil edəcəyini artıq bildirib. İqtisadçılar əlavə maliyyələşdirilmə tələbatının azalmasını gözləyirdilər, çünki dövlət yardımı proqramı proqnozlaşdırıldığından daha kiçik miqyasda icra olunmuşdu.

Bununla belə, Maliyyə Nazirliyinin bəyanatına görə, maliyyələşdirilməyə daha yüksək tələbatın bir səbəbi işsizlik fondlarında ehtiyat saxlanılan 60 milyard kronun növbədənkənar ödənilməsidir. Bu vəsait istehlakın artırılması üçün danimarkalıların əksəriyyətinə oktyabr ayında ödəniləcək.

Danimarka COVID-19 infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü praktik olaraq öz iqtisadiyyatını qapayan ilk Avropa ölkələrindən biri, həmçinin yeni koronavirusa yoluxma hallarının sayının sabitləşdiyi vaxt fəaliyyəti bərpa edən ölkələr sırasında birincilərdən olub. Bundan əlavə, Danimarka hökuməti böhrandan zərər çəkən şirkətlərin dəstəklənməsi üçün 500 milyard krondan artıq həcmdə bir neçə yardım proqramı barədə elan edib.

Lakin bu proqramlara tələbat gözlənildiyindən xeyli az olub. Aprel ayında əməkhaqqının təcili kompensasiyası üzrə dövlət planından təqribən 250 min işçi istifadə edib. Maliyyə Nazirliyinin son məlumatına görə, avqustun əvvəlində bu rəqəm 14 minədək azalıb.

Teqlər: Danimarka