05 May 2024
“Bura gəlin, yoxsa dünya müharibəsi başlayacaq” - Türkiyəyə ŞOK ÇAĞIRIŞ

“Bura gəlin, yoxsa dünya müharibəsi başlayacaq” - Türkiyəyə ŞOK ÇAĞIRIŞ

05 Noyabr 2021
Baxış: 588

Serb Muxtar Respublikası liderlərinin Bosniya və Herseqovinadakı separatçı açıqlamaları ölkədə gərginliyi yenidən artırıb.

AJMEDİA.İNFO xəbər verir ki, Prezident Şurasının serb üzvü Milorad Dodik müstəqil ordu, məhkəmə sistemi və vergi xidməti yaradacaqlarını bildirib.

Bosniya müharibəsinin komandanlarından biri və Bosniyanın dövlət himninin müəllifi Cəmaləddin Latiç "Türkiyə" qəzetinə serb tərəfinin qəsdən gərginliyi artırdığını və bölgəni yeni xaosa sürükləməyə çalışdığını deyib.

“Bu bölgə vaxtilə Birinci və İkinci Dünya müharibələrinin başlanğıc nöqtəsi olub. Hazırda supergüclər bölgəyə toplaşır. Gərginliyi azaltmaq mümkün olmasa, Üçüncü Dünya Müharibəsi də buradan başlayacaq”, - Latiç deyib.

Onun sözlərinə görə, serblər Monteneqro, Kosovo, Bosniya və Makedoniyanın daxil olduğu coğrafiyada “Böyük Serbiya” qurmaq arzusundadırlar:

“Bunun üçün silah-sursat toplayırlar. Hələlik qətliam üçün kifayət qədər hərbi gücləri yoxdur. Onların məqsədi ən yaxın vaxtda xaosa lazımi zəmin yaratmaqdır. Avropa və Rusiyadan güzəşt qoparmağa və daha çox dəstək almağa çalışırlar. Avropaya bosniyalı müsəlmanları “təhdid” kimi göstərməyə cəhdlər edirlər. Rusiya isə Putinlə birlikdə “panslavyan idealı”nı reallaşdırmağa çalışır. O, həmçinin serbləri sadiq müttəfiqi və regionun dəyişdirilməsində təsiredici vasitə kimi görür”.

Bosniya və Herseqovina administrasiyasında iştirak edən serblərin dövlətin fəaliyyətini iflic etməyə çalışdığını deyib.

Mövcud dünya konyunkturasının serblərin xeyrinə olmadığı fikrini müdafiə edən Cəmaləddin Latiç serb əsgərlərinin qorxaq olduqlarını və döyüşməkdənsə, öldürməklə nəticə əldə etmək istədiklərini vurğulayıb.

Bosniyanın əfsanəvi lideri Aliya İzzətbeqoviçin yaxın dostu və döyüş ortağı olan Latiç sözügedən bölgənin Osmanlı İmperiyasının dağılmasına zəmin yaradan mərkəzlərdən biri olduğuna da diqqət çəkib.

“Türkiyə regionda hər aspektdə öz gücünü hiss etdirməlidir. Türkiyə burada olmalıdır”, - Latiç bildirib.(teleqraf.com)